• 27 İyul 2024
logo
Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Filarmoniyası noyabrın 29-da Türkiyənin Qars şəhərindəki Azərbaycanın Baş Konsulluğunun təşkilatçılığı ilə Trabzonda konsert proqramı ilə çıxış edib.

Muxtar respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Baymedia.az-ın Naxçıvan bürosuna bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert başlamadan əvvəl çıxış edən ölkəmizin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən, Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən, Türkiyə-Azərbaycan qardaşlığı və birliyindən danışıb.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiət etdiyi musiqi çələngində Müslüm Maqomayevin “Azərbaycan”, Aytən Alpmanın “Məmləkətim” mahnıları, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəylinin “Çırpınırdın Qaradəniz”, Eldar Mansurovun “Sabaha ilhamla” və digər musiqi və rəqs nömrələri təqdim olunub. Əsərləri Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva və solist İlkin Abdullayev ifa ediblər.

Konsert proqramı Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsərinin səsləndirilməsi ilə sona çatıb.