Azərbaycanın əməkdar mədəniyyət işçisi, xalçatoxuma texnologiyalarının mahir bilicisi Zəhra Əliyeva dünyasını dəyişib.
Baymedia.az xəbər verir ki, toxucu ailəsində böyüyən Zəhra xanım görkəmli alim Lətif Kərimovun tələbəsi olub.
Lətif Kərimovun dəvəti ilə o, 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Dekorativ-tətbiqi sənət kafedrasının xalça bölməsində tədris ustası kimi fəaliyyətə başlayıb. Sənətkarın Qarabağın "Balıq" çeşnisi üzrə toxuduğu xalça 1968-ci ildə Moskvada Ümumdünya Gənclər sərgisində I yerə layiq görülüb. Xovlu və xovsuz xalçaların bütün toxunma texnikalarını mükəmməl bilən Z.Əliyeva 1997-ci ildən etibarən Azərbaycan Milli Xalça Muzeyində çalışıb. O, muzey toxucularına ənənəvi və unudulmaqda olan xalça texnologiyalarını öyrədib. Zəhra xanım 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.