• 5 Fevral 2023
logo
Türkiyəyə qarşı çəkilən filmlə bağlı nazirlikdən açıqlama

Türkiyəyə qarşı çəkilən filmlə bağlı nazirlikdən açıqlama

Mədəniyyət Nazirliyi "Odda - İki bacı" filminin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmir.

Bu barədə Baymedia.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

"Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.

"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, "Odda - İki bacı" ("Sisters apart") filmi Türkiyəyə qarşı çəkilib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina edib

Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətini göstərib. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Halbuki, Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.