• 29 Mart 2024
logo
Markedonov: Ermənilər Rusiyadan bunu tələb edir

Markedonov: Ermənilər Rusiyadan bunu tələb edir

Rusiya Ermənistanla Azərbaycan arasında seçim edə bilməz, tarazlıq saxlamalıdır, lakin bu balans ermənilərin nikbinliyini artırmır.
Baymedia.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Erməni cəmiyyəti Rusiyanın bütövlükdə yalnız İrəvanı dəstəkləməsini çox istəyir və tez-tez deyir: “Türkiyə Azərbaycanın müttəfiqidir, həmişə onun tərəfindədir. Amma Rusiya Ermənistanla Azərbaycan arasında birtəhər tarazlıq saxlayır, ruslar da Türkiyə kimi olmalıdır”. Onlara cavab verirəm ki, bu işləməyəcək, bizim fərqli məqsədlərimiz var. Biz deyirik ki, nə ermənilər, nə də azərbaycanlılar bizim düşmənimizdir, bir vaxtlar biz birlikdə ortaq dövlət qurmuşuq”, - o bildirib.
O xatırladıb ki, müxtəlif hesablamalara görə, Rusiyada 2 milyona yaxın erməni və 1 milyondan çox azərbaycanlı yaşayır:
“Üstəlik, XVIII əsrdən Rostov vilayətində çoxlu erməni, qədim zamanlardan isə Cənubi Dağıstanda, Dərbənddə azərbaycanlılar yaşayır. Onların hamısı rusdur. Müttəfiqlik sevgi deyil, müttəfiqlik Rusiya və Ermənistanın qarşılıqlı maraqlarıdır. Biz isə bu mövzularda məhsuldar danışmalıyıq, görüşlər keçirməliyik. Ermənistan və Rusiyada dünya haqqında təsəvvür fərqlidir. Bizdə asimmetrik qavrayış var. Dünya asayişinin liderlərindən biri olduğunu iddia edən nüvə dövləti ilə İkinci Qarabağ müharibəsində məğlub olan kiçik ölkə - bunlar müxtəlif çəki dərəcələridir”.
İrəvanın mühüm siyasi tərəfdaşları sırasında Fransa, Hindistan və İranı sadalayan politoloq bu ölkələrin Ermənistanın təhlükəsizliyinin təmin olunmasına Rusiya qədər sərmayə qoymayacağını vurğulayıb:
“Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üçün hərfi və məcazi mənada xəritələri var. Rusiya sülhməramlı kontingenti Qarabağdadır – pisdir, ya yaxşıdır, amma başqası da yoxdur”.