• 29 Mart 2024
logo
Murad Məmmədov finala yüksələ bilməməsinin səbəbini açıqlayıb

Murad Məmmədov finala yüksələ bilməməsinin səbəbini açıqlayıb

“Yarış çox yüksək səviyyədə keçdi. Dünya çempionatında zəif rəqib olmur”.
Bunu Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanan yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kq) deyib.
İkinci dəfə qatıldığı dünya çempionatında mükafata yiyələnən idmançı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında yaxşı təlim-məşq toplanışları keçdiklərini bildirib: “Yarışda 5 görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisiylə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbirli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını 3-cü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, DÇ-də ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm”.
Qeyd edək ki, Avropa ikincisi Murad Məmmədov ilk dəfə 2018-ci ildə böyüklərin dünya çempionatında iştirak edib.