• 16 Aprel 2024
logo
Gənc diasporamızın böyük uğurları

Gənc diasporamızın böyük uğurları

İyulun 5-də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi 20 yaşını qeyd edib. Hələ gənc olmasına baxmayaraq Komitə bir çox uğurlara imza atıb, dünya azərbaycanlılarının həmrəyliyi və birliyi istiqamətində fəaliyyətini genişləndirib.
Qeyd edək ki, diaspor və lobbiçilik fəaliyyəti hər zaman öz aktuallığını qoruyub və hazırda dəyişən dünya düzənində bu fəaliyyət daha prioritet hesab olunur. Ələlxüsus milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbiçilik fəaliyyəti həqiqətən də çox vacib fəaliyyət sahəsi sayılır ki, bu mənada həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının günü-gündən artması məqsədəuyğundur.
“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixində imzaladığı sərəncam dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi, müntəzəmliyin təmin olunmasına böyük bir tövhə oldu. Bu sərəncamdan bir neçə ay sonra, yəni həmin ilin nöyabr ayında Bakıda keçirilən və 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayı böyük bir prosesin başlanğıcı kimi diaspor quruculuğu və lobbiçilik tariximizə qızıl hərflərlə yazıldı. “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Ulu Öndərin 2002-ci il iyulun 5-də imzaladığı fərmanla lobbiçilik fəaliyyətinin mütəşəkkilləşməsinə start verildi. Bu siyasi xətti əsas olaraq qəbul edən, güclü diasporun formalaşdırılması, həmçinin qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyev “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2008-ci il noyabrın 19-da fərman imzaladı və artıq tam hüquqi baza da yaradıldı.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatının rolu böyükdür. Öncəliklə, qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporlararası əlaqələri genişləndirmək olub.
Müstəqilliyimizdən bu günədək diaspor sahəsindəki inkişafın şahidi olduq. Yaxın keçmişə qayıtsaq, Vətən müharibəsiillərində Azərbaycan diasporunun rolu gördük.
Azərbaycan diasporu Vətən müharibəsindən öncə də Xocalı soyqırımı kimi qan yaddaşımız olan tariximizin dünya ölkələrinə tanıdılmasında, “Xocalıya ədalət” kimi kampaniyaların təşkilində, erməni yalanlarının ifşasında böyük fəallıq nümayiş etdirib. Müharibə dövründə diaspor təşkilatlarımız xaricdə yaşayan azərbaycanlılara komitə tərəfindən beş dəfə – 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarxilərində müraciət ünvanlayıb. Komitə tərəfindən edilmiş müraciətlərdə həmvətənlərimizə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırış və xaricdə yaşayan hər bir həmvətənimizin Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb. Yaşadıqları ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlarına həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə mənəvi dəstək olmağa çağırış edilib. Ermənistan ordusunun Gəncə, Mingəçevir, Bərdə və digər cəbhədən uzaq ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumatlandırılan həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilib.
Onu da qeyd edək ki, komitə və diaspor nümayəndələri tərəfindən ölkəmizlə bağlı həqiqətləri əks etdirən 355 məqalə hazırlanaraq 43 ölkənin müxtəlif qəzet və saytlarında 26 dildə ictimaiyyətə təqdim edilib.
Yeri gəlmişkən, diasporaquruculuğunun inkişafına dəsgtək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Fondun əsas missiyası Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdən ibarətdir. Fondun hədəfi isə xaricdə yaşayan azərbaycanlılara və onların yaratdıqları qurumlara beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaqda, milli-mənəvi dəyərləri mənimsəməkdə, yaşatmaqda və inkişaf etdirməkdə, eləcə də Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək, Azərbaycan Respublikasını beynəlxalq aləmdə təbliğ etmək və mənafelərini etibarlı müdafiə etmək, Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xaricdə yaşayan azərbaycanlıları, habelə Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaqdır.
2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum “Elektron hökumət” portalına inteqrasiya olunub. Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması - hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərir.
Xaricdə yaşayan soydaşlarımız daim dövlətin onlara qayğısını hiss edib. Beləki COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar. Onların təhlükəsizlikləri və digər qonşu ölkələrə, həmçinin Azərbaycana dönüşləri təmin edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.
COVİD-19 pandemiyası zamanı Dövlət Komitəsi tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub, 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilib. Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mitinq və aksiyaların təşkili: “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində, 2020-ci ilin “Tovuz hadisələri” Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib.
Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 460-dan çox Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və birliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
Bir sözlə, hökumətin dəstəyi ilə Azərbaycan diaspora quruculuğu sahəsində intensive iş aparılır, dünya azərbaycanlılarının həmrəyliyi və birliyi istiqamətində əməli addımlart atılıb.

Cavid