• 17 Sentyabr 2026
logo
“Rusiya Amerikaya fürsət verdi”

“Rusiya Amerikaya fürsət verdi”

Toğrul İsmayıl: “Rəqiblərinin ona qarşı hücuma keçməsinə şərait yaratdı”

“Görünən odur ki, Rusiya NATO-nun genişlənməsini bəhanə edərək, qonşu Ukraynaya hücum edib. Bu müharibədir və Birləşmiş Millətlər Təşkilatının (BMT) təməl fəslsəfəsinə, təməl qanunlarına ziddir”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində Ankara Universitetinin profesoru, politoloq politoloq Toğrul İsmayıl deyib. T.İsmayıl həmçinin digər suallaramıza da aydınlıq gətirib.
- Unutmamaq lazımdır ki, Rusiya Federasiyası Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının daimi üzvüdür.Yəni bir növ bölgəmizdə beynəlxalq hüquq tamamilə pozulub, BMT-nin təməl fəlsəfəsi dərindən zədələnib. Haqsız və işğalçı müharibədir və bunun başqa cür izahı ola bilməz. Digər məsələlər bəhanədir. Heç bir ölkə hirsini qonşu ölkənin üzərinə tökə bilməz. Hər şey müzakirə ilə diplomatik masada öz həllini tapmaldıır. Amma görünən odur ki, burada biz Rusiyanın daha çox genişlənmə siyasətini müşahidə edirik.
-Bundan sonrakı prosesləri necə dəyərləndirirsiniz, savaş nə qədər uzana bilər?
-Rusiyanın qısa bir müddətdə Ukrayna paytaxtını ələ keçirib, orada öz hakimiyyətini quracağı məsələsinə həll edə bilmədi. Hava şərtləri, Ukraynanın dirənişi, xalqın bunu vətən müharibəsi olaraq görməsi bu prosesin daha uzun müddət davam edəcəyini göstərir. Burada heç kəsin qazanmayacağını düşünürəm. Müharibə uzun sürəcək və burada Rusiyanın qazanclı olaraq çıxacağı ınandırıcı deyil. Ukraynanın infrastrukturu, iqtisadiyyatı ciddi zərər görəcək. Rusiyaya da sanksiyalar nəticəsində ciddi ziyan çəkəcək. Bu da ətraf ölkələrə təsir edəcək. Bundan sonra bölgədə və dünyadakı sistem fərqli olacaq. Çünki BMT fəlsəfəsi təməl olaraq ciddi şəkildə sarsılıb. Nəticə etibarilə müharibənin uzun və qısa sürməsi önəmli deyil. Təbii ki, müharibənin tez bir zamanda başa çatmasını arzulayırıq. Amma hər iki halda bunun Rusiya üçün ciddi fəsadları var.
-Ümumiyyətlə Ukrayna və Rusiyanı bundan sonra nə gözləyir?
-Ruslar öz qardaşları sayılan Ukrayna xalqını ciddi şəkildə yaraladılar. Bu yaranın da sağalması üçün uzun illər lazımdır. Nifaq toxumları səpildi. Ukrayna ən rahat yaşanacaq ölkələrdən biri idi. İqtisadiyyatı, infrastrukturu zədələnib, dağıdılır. Şəhərlərdə bombardman var. Təbii ki, bunları-iqtisadiyyatı, infrastrukturu düzəltmək mümkündür. Amma insan itkiləri var və bunları geri qaytarmaq mümkün deyil. Bu da uzun müddət yaddaşlarda qalacaq. Yəni burada əsas problem budur. Ukrayna işğal edilsə də silahlı qarşıdurmalar davam edəcək. Rusiya işğalından qurtulsa da hər şey həll olunmayacaq. Amma ən çox ziyanı Rusiya çəkəcək. Çünki Rusiya güvənilməz ölkə durumuna düşdü. Bəlkə haqlı ola biləcəyi məsələdə, ciddi şəkildə xətalı bir siyasətlə özünü işğalçı dövlət simasında göstərərək qorxu saçır. Bunun nəticəsində nə olacaq? Rusiyanın istəmədiyi NATO-nun genişlənməsi məsələsi daha da irəli daşınacaq. Amerikanın və Qərbin Rusiya üzərində təzyiqləri artacaq. Hətta Rusiyanı dəstəkləmək istəyən Türkiyə kimi ölkələrin belə əli-qolu bağlanır. Buna görə də dəstək vermək ehtimalı minimuma düşür. Böyük ehtimalla savaş uzandıqdan sonra dəstək vermə düşüncəsi belə sönəcək. Əvvəl-axır bütün dünyanı bir tərəfində digər ölkələr, bir tərəfində isə Rusiya olacaq. Düşünə bilrisiniz, hazırda Rusiyanın yanında kim var? Suriya, Şimali Koreya, Eritreya. Yəni Rusiya kimi qədim tarixə malik olan bir ölkə bu cür müttəfiqlərəmi ehtiyac duyur? Proseslər qəlizdir və bu dəqiqə Rusiya təkləninb. Bunu də Rusiya özü öz yanlış siyasəti ilə edib. Rusiya Amerikaya fürsət verdi və öz rəqiblərinə ona qarşı gəlinməsinə, hücuma keçməsinə şərait yaratdı.
-Qərbim ssenarisini necə dəyərləndirirsiniz, ABŞ, NATO və Avropa İttifaqının addımları yaxın və uzaq perspektivdə hansı effekti verəcək?
-Vəziyyət elədir ki, bütün dövlətlərin digər dövlətlərdə maraqları var. Dövlətlər varsa, mənfəttlər də var. Maraqların toqquşması mövcuddur. Sizi öz məqsədləri üçün oyuna gətirə, yaxud əsəbləşdirə də bilərlər. Amma bu heç bir zaman bir ölkənin digər ölkəyə hücuma keçməsi üçün bəhanə deyil. Bunun üçün baqşa vasitələr var, diplomatik yöntəmlərlə daha güclü siyasət aprmaq olar. Məsələn Avropa Birliyi üzərinizə gəlirsə, Avropa Birliyinin zəif nöqtəsini çözərək öz yumşaq güc siyasətinizlə müdaxilə edə bilərsiniz. Yaxud NATO çərçivəsində sizə yaxın ola biləcək, hətta maraqları sizinlə üst-üstə düşə biləcək dövlətlərlə əməkdaşlıq edə bilərsiniz və bununla bağlı misallar az deyil. Amma indiki şəraitdə Qərbin, Amerikanın siyasəti Rusiyanı ciddi səhvə yol verməyə məcbur etdi. Xüsusilə Amerika siyasəti bunu açıq şəkildə etdi. Məncə, bu məsələdə Rusiya ciddi şəkildə uduzdu. Birincisi “NATO geri çəkilsin” tələbi həyata keçməyəcək, tam əksində yeni üzvlərin sayı da artacaq. Çünki hər kəs Rusiyadan təhdid gəldiyini görəcək, yaxud elə hiss edəcək.
İkincisi, Amerikanın dünya siyasətində uzun müddət bir boşluq var idi. Amma Rusiyanın hücumu nəticəsində Amerika hegemoniyası öz gücünü artırdı. Xüsusilə Şərqi Avropa ölkələrində Amerikaya daha çox ehtiyac duyacaqlar. Avropa Birliyi daxilində Rusiya ilə işbirliyi içərisində olan Almaniya, Fransa kimi ölkələr də artıq açıq şəkildə Rusiyaya qarşı yer almaq məcburiyyətində qalıblar. NATO daxilində Türkiyə kimi bir ölkə də müharibənin olmaması üçün əlindən gələni edirdi, amma Rusiyanın bu davranışı Türkiyənin belə əl-qolunu bağlayır.
-Türkiyənin mövqeyini necə dəyərləndirirsiniz? Rəsmi Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələrini qoruyacağını açıqladı. Türkiyənin Qərblə münasibətlərində problem yarana bilərəmi?
-Türkiyə ilk gündən müharibənin olmaması üçün əıindən gələni etdi. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə nə Rusiya, nə də Ukraynadan vaz keçə bilməz. Bu bizim üçün çox önəmlidir. Çünki onlar qonşu dövlətlərdir və Türkiyənin iki dövlətlə hər sahədə işbirliyi var. Bugünkü müharibə ilk növbədə Türkiyə iqtisadiyyatına təsir edir, çünki biz, qonşu ölkəyik. Türkiyə sülh mövqeyini sona qədər müdafiə edir. Bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, bütün insani, humanitar yardım edir. Digər tərəfdən Rusiya ilə mütəmadi əlaqədə olaraq bu savaşın durdurulması üçün əlindən gələni etməyə çalışır. Amma bu bəlli yerə qədərdir. Çünki bundan sonra əsas məsələ Rusiyanın qəbul edəcəyi qərarlardan asılı olacaq. Ona görə də, Türkiyə bu günkü şərtlərlə indiyədədək əlindən gələni edib. Məncə Antalyada üçlü görşün olması savaş dönəminin ən son uğurlu diplomatik nəticəsidir. Yenə deyirəm, nəticə isə daha çox Rusiya ilə bağlıdır. Türkiyə sona qədər müharibənin durdurulması üçün əlindən gələni edəcək. Qərblə münasibətləri pozularmı? Düşünmürəm. Çünki Türkiyədə dövlət ağlı müəyyən yerə qədər necə hərəkət edilməsi, köklü diplomatiyada zamanında nəyin doğru, nəyin yanlış olduğunu təxmin edə, hesablaya bilir. Yəni biz çox krizlər gördük, amma bütün bunların hamısını az zərərlə keçə bildik. Amma hazırli vəziyyət belədir ki, mütləq vasitəçi olmalıdır. Yəni bütün qapıların bağlanması barış üçün əngəl ola bilər. Türkiyə maksimum dərəcədə bunu hədəf halına çevirəcək.
-Dediniz ki, Antalyada Türkiyə və Ukrayna xarici işlər nazirlırinin görüşündən gözləntiləriniz yüksək deyil. Ama o da bəllidir ki, müharibənin uzanması Ukrayna ilə yanaşı Rusiyanın da maraqlarlna uyğun deyil. Belə olduğu halda atəşkəs rejiminin uzadılması, yaxud danışıqlar prosesinin davam etdirilməsi üçün ilkin addımların atılması mümkündürmü?
-İstənilın diplomatik görüş müharibədən yaxşıdır. Antalya görüşü olduqca uğurlu addımdır. Amma mənim gözləntim böyük deyil. Xüsusilə Rusiya tərəfinin görüş öncəsi sərt açıqlamaları burada da bir nəticə əldə edilməyəcəyini göstərir. Düşünürəm ki elə olacaq. Amma bu yüksək səviyyəli görüşün təşkil edilməsinin özü ciddi uğurdur. Ona görə də düşünürəm ki, Türkiyənin bu mövqeyi doğrudur.
-Müharibə bölgəyə və Azərbaycana necə təsir edəcək?
-Açığı, mən birinci gündən də dedimki, bölgədə çıxacaq müharibə ilk növbədə Rusiyaya, Ukraynaya və bölgə ölkələrinə təsir edəcək. Türkiyə iqtisadiyatına artıq təsir hiss olunur. Qazaxıstan və Azərbaycan iqtisadiyyatına da təsir edir. Çünki bir çox iqtsiadi əlaqələrmiz var. Müharibə isə bu iqtisadi əlaqələrə maneçilik törədir. Neft qiymətlərinin artışı indiki şəraitdə uğurlu kimi görünsə də, amma ümumilikdə baxdığımız zaman hər kəs bu müharibədən zərər görəcək. Amma uzaq perspektivdə Azərbaycan və Türkiyə bundan qazana bilər. Amma dediyim kimi, müharibəni gedişatından çox şey asılıdır. Bu, müharibənin nə qədər davam edəcəyi və nəticələrin necə olacağına bağlıdır. Bunu da ifadə edim ki, müharibədən heç kim heç zaman qazanc əldə etməyib. Hələlik lokal xarakter daşıyır, amma uzandıqca genişlənmə riski artır. Müəyyən müddət insan itkisi çox olarsa vəziyyət dəyişə və NATO da prosesə qoşula bilər. İstənilən halda müharibə heç zaman uğur gətirmir, pandemiyanın təsirlərini də nəzərə alsaq bizi yaxşı şeylərin gözləmədiyini deyə bilərik. Ona görə də dövlətlərin vaxtında lazımi tədbirlər görməsi vacibdir...

Əli Zülfüqaroğlu