• 29 Mart 2024
logo
BMTM sədri: “Rusiya sülhməramlılarının qalması Azərbaycan-Ermənistan əlaqələrinin gələcəyindən asılıdır”

BMTM sədri: “Rusiya sülhməramlılarının qalması Azərbaycan-Ermənistan əlaqələrinin gələcəyindən asılıdır”

28 il davam edən sülh danışıqlarının nəticəsiz qalması, 2020-ci ilin martında Madrid prinsiplərinin Paşinyan hökuməti tərəfindən rədd edilməsi müharibəyə səbəb oldu.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Gürcüstanın paytaxtı Tbilisidə Rondeli Təhlükəsizlik Konfransının “2020-ci il Dağlıq Qarabağ müharibəsi sonrası Cənubi Qafqazda güc balansı” adlı sessiyasında çıxışı zamanı belə deyib.
O bildirib ki, Ermənistanın 1988-1989 illərdə başlatdığı aqressiv siyasəti nəticəsində Ermənistan əraziləri, eləcə də işğal altındakı Qarabağ etnik azərbaycanlılardan təmizlənilib.
F. Şəfiyev qeyd edib ki, Cənubi Qafqazın hər üç ölkəsi arasında sülh və sabitliyin möhkəmləndirilməsinin başlıca şərti Ermənistanın ərazi iddialarından əl çəkməsidir.
Avropa İttifaqının təhlükəsizliyinin əsasının da ərazi bütövlüyünə əsaslandığını xatırladan ekspert Azərbaycan və Ermənistan liderlərinin Soçi və Brüssel görüşlərinin ümidverici olduğunu qeyd edib.
O, Rusiyanın proseslərdə iştirakı ilə bağlı bildirib ki, Moskva hər zaman bölgədə vacib siyasi aktor olub və gələcəkdə də belə qalacaq, bu baxımdan rəsmi Moskvanın proseslərdən kənarda qalmasını gözləmək doğru yanaşma deyil.
F. Şəfiyev əlavə edib ki, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib və onların qalması Azərbaycan və Ermənistan arasında əlaqələrin gələcəyindən asılıdır.
Mərkəz rəhbəri vurğulayıb ki, sülh yolu ilə getmək həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir.