• 10 Noyabr 2026
logo
Mürsəl kişinin iti

Mürsəl kişinin iti

Uşaqllq xatirəmdir, doğulub boya-başa çatdığım Borçalı elinin Faxralı kəndinin sakinləri yayı yaylaqda keçirərdilər. Yaylaqda isə hamının iti var idi. Ümumən orada kimisə itsiz təsəvvür etmək olmazdı. Məlum, qoyun-quzu, mal-qara qorunmalıydı.

Necəsə oldu kəndçimiz Mürsəl kişinin itlərin gözü sayılacaq iti öldü. Hadisə kişiyə çox pis təsir etdi. Günün birində gördük ki, o, qapıda-bacada veyllənən iti ölmüş itinin yerinə bağlayıb. Hamı məəttəl qaldı. Çünki Mürsəl kişi elə birini ölmüş itinin yerinə bağlamışdı ki, ona heç it demək də olmazdı. Qorxaq, quyruğunu qısıb orda-burda artıq-urtuq yeyən. O qədər qorxaq idi ki, hətta balaca uşaqlar belə onun üstünə asanlıqla gedib qova bilirdilər.

Bu çür, belə desək, mənfi xarakteristikaya malik iti Mürsəl kişinin həyətində görmək təəccüb doğurmaq nədi, şok yaratmışdı. Hamı bilirdi ki, kişi nəsə düşünür, ancaq nə düşünür, maraqlısı bu idi...

Zamanla həmin o qorxaq it hürməyə başladı. Hiss edirdin ki, özünü son dərəcə arxayın aparır. Digər itlərin cərgəsinə qoşulur. Bir az da keçdi gördük ki, başqa itlər Mürsəlin itindən çəkinməyə, hətta qorxmağa başlayıblar. Artıq balaca uşaqlar da əvvəl qorxmadıqları itin yanında sərbəst gəzə bilmirdilər, ehtiyatlanırdılar. İtin baxışları, tüklərinin düzülüşü, duruşu belə dəyişdi, hürməsinə yeni ahəng gəldi. Bir-iki uşağın üstünə hücum da çəkdi. Baş verənlərin səbəbi hamıda maraq doğurdu. İlk baxışdan düşünülə bilərdi ki, it qudurub. Artıq uşaqlarla yanaşı böyüklər də ondan aralı gəzməyə başladılar. Amma qudurmuşdusa, Mürsəl kişi kimi təcrübəli biri neynirdi onu?

Reallıq isə bu idi ki, Mürsəl kişi iti yaxşı-yaxşı yemləməklə kifayətlənmirmiş. Eyni zamanda yaylaqdakı nə qədər gözə dəyən it var idisə, fürsət tapdıqca itini onlarla boğuşdururmuş. Döyüş anında əlindəki zopa ilə özünün qorxaq iti ilə boğuşan itləri döyürmüş. Döyülən itlər qaçmaq üçün fürsət, gizlənmək üçün deşik axtarırmışlar. Həmin bu qorxaq it isə Mürsəlin zopasından canını qurtaran digər itlərin arxasınca düşür, sanki onları qovalayırmış kimi davranırdı.

Bu minvalla yaylağın digər itləri Mürsəl kişinin itindən qorxmağa başladılar. Qorxaq gördüyümüz it isə o qədər harınladı ki, özünü yaylağın baş iti kimi apardı. Sürünün qabağında getməsi, başqa itlərə hücum çəkməsi adi hal aldı.

***

Ermənilərin zaman-zaman başımıza açdıqları oyunlar barədə düşünəndə yadıma həmin qorxaq itin sonradan necə əndazəni aşması düşür. Ermənilər də it xislətlidirlər. Tarixin bütün dövlərində bəsləniblər. Bu bəslənmə bizim böyük güclər tərəfindən əzilməyimizlə müşaiyyət olunub. Və ermənilər də bizim əzilməyimizi görüblər və məhz bundan çıxış edərək onlarda belə bir təsəvvür yaranıb ki, azərbaycanlılar döyüşə bilmir, onlar yalnız ticarətlə məşğuldurlar və s. Görməyiblər axı döyüşməyimizi. Hər zaman yanlarında belə desək, mürsəlləri olub və onlar imkan verməyiblər ki, biz təkbətək döyüşək. Nəticədə ağalarının hesabına özlərini yüksək tutublar. Necə ki, it kölgəsini böyük görür, ermənilər də özlərinə eləcə yanaşıblar. Biz Vətən müharibəsində ermənilərlə təkbətək döyüşdük. Cəmi 44 gün bəs elədi ki, onları məhv edək. Bu yerdə haqqında söz açdığım qorxaq itin aqibətini yada salmaq istəyirəm.

Günlərin birində sürüyə canavar hücum etdi. Təbii ki, it nə qədər güclü olsa da, canavar canavardır. Digər itlər canavarı görüb pərən-pərən düşdülər, hərəsi bir tərəfə qaçdı. Mürsəl kişinin iti də qaçdı, ancaq canavarın üstünə. Bilmirdi axı, canavar nə deməkdir. Həm də görünür sahibinin tərbiyəsi nəticəsində o qədər qudurmuşdu ki, elə bilirdi qabağında dayanan olmayacaq. Əlqərəz, itin canavarın üstünə qaçmağı ilə yoxa çıxmağı bir oldu. Adamlar səhər açılanda onun yaylağın kənarına səpələnmiş sür-sümüyünə rast gəldilər.

Qarabağda da səhər açılıb. Mürsəl kişinin itinin sür-sümükləri ətrafa səpələnib.

Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri