• 29 Mart 2024
logo
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb

Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.
Sənədlərdə qeyd edilib ki, İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonun Ağbulaq kəndinin koordinatları müəyyən edilib. Həmin kənddən 40 km aralıda - Əyyublu kəndinin ərazisində Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin stansiyası mövcuddur.
İşxan Sarqsyanın telefonuna keçirilən baxış zamanı 2021-ci ilin may ayının 27-də Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndinin mina düzülmədən qabaqkı görüntüləri də aşkar edilib.
Daha sonra məhkəmə istintaqının başa çatdırıldığı elan olunub.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.