• 26 Aprel 2024
logo
"Vəkillərin vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ciddi ölçü götürülüb"

"Vəkillərin vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ciddi ölçü götürülüb"

"Vəkil vəsatətlərinin əsaslandırılmadan rədd olunması problemi Məhkəmə-Hüquq Şurasının diqqət mərkəzindədir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Sədr qeyd edib ki, bu gün videokonfrans formatında Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib: "Qanunvericiliyin tələblərinə zidd olaraq vəkil vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ciddi ölçü götürüldü, Azərbaycan Respublikasının Ali Məhkəməsinin təqdimatına əsasən bir məsələ üzrə intizam icraatına başlanıldı, başqa bir intizam icraatı işi üzrə isə Ali Məhkəmənin xüsusi qərarına əsasən qanun pozuntusuna yol verən hakimlər intizam məsuliyyətinə cəlb olundu".

A.Bağırov vurğulayıb ki, ədalət mühakiməsi üçün müstəsna əhəmiyyət kəsb edən vəkil vəsatətlərinin qanunamüvafiq qaydada baxılması məsələsi bundan sonra MHŞ-nın diqqət mərkəzində olacaq: "Həmçinin vəkil vəsatətlərini əsaslandırmadan rədd edən hakimlər barədə qəbul edilən qərar preventiv tədbir kimi bütün məhkəmələrə göndəriləcək. Öz növbəmdə vəkillərin haqlı narazılığına səbəb olan vəsatət problemini Məhkəmə-Hüquq Şurasının diqqətinə çatdırdım və problemin həlli üçün xüsusi prinsipiallıq göstərən Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə vəkil korpusu adından minnətdarlığımı bildirdim".