• 29 Mart 2024
logo
"Şahdəniz"də qaz və kondensat hasilatı artacaq

"Şahdəniz"də qaz və kondensat hasilatı artacaq

Gələn il Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 22,8 mlrd. kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,5 mlrd. kubmetr və ya 7% çoxdur.
Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu il "Şahdəniz"də 21,3 mlrd. kubmetr qazın hasil olunacağı proqnozlaşdırılır. Ötən il bu göstərici 18 mlrd. kubmetr səviyyəsində olub.
Bununla yanaşı, gələn il yataqda 33,3 mln. barel qaz kondensatının hasil ediləcəyi gözlənilir ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,5 mln. barel və ya 4,7% çoxdur.
Qeyd olunur ki, bu il "Şahdəniz"də 31,8 mln. barel kondensatın hasil ediləcəyi proqnozlaşdırılır. Ötən il isə bu göstərici 29 mln. barel təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.