• 28 Sentyabr 2020
logo
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb

İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb

İranda koronavirusla mübarizə və ayrı-ayrı sahələrin hazırkı durumda fəaliyyət göstərməsi istiqamətində 1 kvadrilyon rial (təxminən 23,8 milyard dollar) vəsait ayrılıb.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, İranın 5 kvadrilyon riallıq (təxminən 119 milyard dollar) büdcəsinin təxminən 20%-i virusla mübarizə ilə əlaqədar ayrılıb.

Ruhani əlavə edib ki, İranın sanksiyalar şəraitində bu addımı atması dünya üçün bəlkə də təəccübləndirici ola bilər.

İran prezidenti bildirib ki, bu vəsait əvəzsiz maliyyə yardımları və kredit olaraq nəzərdə tutulub. Onun 750 trilyon rialı (təxminən 17,8 milyard dollar) 12% faizli kredit olaraq nəzərdə tutulub.

“Ayrılan vəsait vergi, sığorta, kreditlər, kommunal xərclərlə əlaqədar nəzərdə tutulan güzəştlərə aid edilmir”, - deyə o qeyd edib.

Ruhani əlavə edib ki, hazırda İranda koronavirusa yoluxan hər bir şəxsin xərcinin 90%-i dövlət və sığorta tərəfindən ödənilir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (27 mart) İranda 32 332 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 378 nəfərin öldüyünü və 11 133 nəfərin sağaldığını təsdiqləyib.