Britaniyalı keçmiş diplomat Ceyms Moran: “Ancaq heç vaxt Yaxın Şərqdə kimin nə etdiyi barədə nəticəni tez və ani oxunuşla çıxarmaq olmaz”
Yaxın Şərqdə daim müharibələrin fitilinin alovlanması demək olar ki adi hal alıb. Bəzən baş verən müharibələr, qanlı döyüşlər uzun illər davam edir sadəcə dünyanın başqa ölkələrində yaşayan bizlər o müharibələrin davam etdiyini belə unuduruq. Bir müddət sonra isə sosial şəbəkədə yayılan brutal, qan donduran görüntü ilə birdən birə Yəməndə, Suriyada və digər ərazilərdə çaxnaşmaların hələ də davam etdiyini anlayırıq.
İsraildə nə baş verdi? Niyə HƏMAS birdən-birə bu qədər riskli bir hücum modelinə əl atdı? Üstəlik demək olar ki, qərbdə belə məhz qərblilərin özləri tərəfindən müəyyən qədər simpatiya sahibi olan bu Fələstin hərəkatı necə gözdən salındı?
Bir hərəkatı gözdən salmağın yəgin ki, pikap arxasında gəzdirilən və eyni zamanda təhqir edilən qadın cəsədini dünyaya sərgiləməkdən gözəl yolu ola bilməzdi. Bəlkə də HƏMAS və onun üzvləri bu hərəkətin qəddarlığının, haqq uğrunda aparılan savaş adını verdikləri bu hərəkətin necə mənasız, necə yaramaz bir hərəkət olduğunu anlayacaq şüur səviyyəsinə sahib deyildi. Həmin görüntülərdən dərhal sonra isə artıq İsrailin ən güclü roketləri ilə Qəzzanı və digər əraziləri vurması dünya ictimaiyyətində gözlənilən əks-təsiri vermədi.
Mövzu ətrafında olduqca zəngin təcrübəyə malik, bölgənin ən tanınan ekspertlərindən olan, Avropa İttifaqının (Aİ) Misirdəki keçmiş səfiri, Aİ-nin xarici siyasət məsələləri ilə bağlı əməkdaşı kimi çalışmış britaniyalı diplomat Ceyms Moran Sosial Tədqiqatlar Mərkəzinə danışıb.
Onun fikrincə son hadisələr heç bir tərəfə fayda vermədi, yaşananlar çox pis hesablanmış addımlar idi. HƏMAS-ın daha geniş kampaniyaya çağırışları əslində ölü sükutla nəticələndi. Ancaq təbii ki, İsrailin şimal cəbhələrində də vəziyyət tamamilə səssiz deyil.
O bildirib ki, “Məsələnin HƏMAS-ın əsas məqsədlərindən biri olan daha geniş çərçivəyə keçəcəyini düşünmürəm. Onlar, çox böyük dəstəyi itirdilər, bunun da əksəriyyəti elə öz adamlarıdır. Xüsusilə İordan çayının qərb sahilində dəstəyi itirdilər. Düşünürəm ki, xüsusilə ərəb dünyasında 1-2 ölkə istisna olmaqla, HƏMAS-a heç vaxt rəğbət bəslənməyib. İlk günlər yayılan görüntülərlə birlikdə onların etdikləri vəhşilik faktları, məncə, münaqişənin sərhədlərindən çox kənara çıxdı. Digər tərəfdən, israillilərin təbii ki, hər yerdə böyük rəğbəti var.
Etiraf etməliyik ki, bu son hadisələr gözlənilmədən yaranmadı. 10 ay əvvəl hakimiyyətə gələn Benyamin Netanyahu hökuməti xüsusilə qərb sahilindəki fələstinlilərə qarşı aqressiv davranıb. Demək olmaz ki, bu səviyyədə bir hücumu heç kim bunu qabaqcadan görməmişdi. Hazırda zorakılığın intensivliyi çox yüksəkdir. Amma sözsüz ki, İsrail tərəfindən son 6-9 ayda davam edən çoxlu təxribatlar da olub. Əlbəttə, Netanyahu hökumətində ifrat sağçı ekstremistlərin olması, vəziyyətin bu həddə çatmasının əsas səbəbi oldu. Netenyahunun özü də nə vaxtsa ciddi problemlə üzləşəcək, çünki əlbəttə ki, yaşanan bu qədər böyük kəşfiyyat uğursuzluğuna görə məsuliyyət daşımalı olacaq. Biz isə unuda bilmərik ki, baş verənlər iki xalqın böyük faciəsidir, bunun əvəzini kimsə ödəməlidir. Hər iki tərəfdən çoxlu insan öldü və ən pisi də bundan heç kimin qazanc əldə etməməsidir.”
Ceyms Moranla aparılan söhbətin davamında məsələnin İran tərəfinə də toxunduq. Bir sıra ekspertlər, həmçinin türkiyəli akademik karyera sahibi şəxslər yazılarında bu yaşannalarda birbaşa İranın barmağı olduğunu iddia edirdilər. Keçmiş diplomat və bölgəni yaxşı tanıyan Ceyms Moran isə müəyyən qədər fərqli prizmadan məsələyə yanaşdı. Onun fikrincə İran bu coğrafiyada böyük bir önəm daşımır: “İsraildə baş verənlərin tamamilə İranın günahı olduğunu düşünmürəm. Amma İran şübhəsiz ki, faktordur, HƏMAS-ı material, silah, maliyyə və s. kimi vacib elementlərlə təmin edir. Hamımız bilirik ki, İranın ümumi gündəliyi son dərəcə anti-İsraildir. Ancaq heç vaxt Yaxın Şərqdə kimin nə etdiyi barədə nəticəni tez və ani oxunuşla çıxarmaq olmaz. Əminəm ki, HƏMAS rəhbərliyi bunu çoxdan planlaşdırırdı. Onlar, şübhəsiz ki, İranın dəstəyindən istifadə edirlər, lakin mən İranın baş rolu oyunçusu olduğunu düşünmürəm, demək olar ki, əminəm ki, onlar bu hücumun ssenaristi kimi çıxış etməyiblər. HƏMAS, Fələstin hərəkatının mühüm fraksiyasıdır, onlar sadəcə İsrail tərəfindən aparılan təxribatlara qarşı öz tərzlərində cavab verir. Düşünürəm ki, bütün bunlarda İran ikinci dərəcəli faktordur”.
Ceyms Moranın fikrincə son hadisələr Yaxın Şərqdə baş verə biləcək mühüm sülh addımlarına böyük zərbə endirib. Belə ki, yaxın zamanadək ərəb dünyası ilə münasibətlərin normallaşdırılması deyilən uzunmüddətli bir tendensiya mövcud idi, bu baş verənə qədər onlar üçün hər şey kifayət qədər yaxşı gedirdi. Səudiyyə Ərəbistanı ilə indi dondurulmuş və uzun müddət belə qalacaq məşhur danışıqları buraya əlavə edə bilərik. Amma bu münasibətlərdə hər iki tərəfin strateji marağı var idi. Unutmamalıyıq ki, Misir və İsrail, İordaniya və İsraillə sülh müqavilələri mövcuddur. Onların bircə imzaları çatmırdı.
“Yaxın Şərq spekulyasiyaya çox açıqdır. Nədənsə bu hadisələrin regional müharibəyə səbəb olacağını düşünmürəm. Açığı, Netanyahu hökuməti və ya onun kimi biri hakimiyyətdə qaldıqca bunların heç biri məntiqi sonluqla nəticələnməyəcək, xüsusən də bu hadisələrdən sonra”.
Keçmiş Misir səfiri düşünür ki, Türkiyə hazırda ortada qərarlaşıb ancaq məsələnin həllinə qadir tək ölkə ABŞ-dir. “Türkiyə özünü bir növ hadisələrin ortasında görür. Onlar bir tərəfdən İsraillə yaxşı münasibətləri bərpa etməyə çalışırlar, amma, eyni zamanda Türkiyədə, HƏMAS daxilində bir çox elementin tərəfdarı və ya ən azından rəğbəti var. HƏMAS-la “Müsəlman Qardaşlar”ın dövründən çox güclü əlaqələr var. 80-ci illərdə yaranan HƏMAS təbii ki, o zamanların “Müsəlman Qardaşları”ından yaranıb. Türkiyənin burada diqqətli olacağını düşünürəm, o indi özünü vasitəçi olaraq ortaya qoymağa çalışır. Bunun işləyəcəyinə əmin deyiləm, lakin bu rolu oynaya biləcək yalnız bir kənar güc var və o da ABŞ-dır. Mən əmin deyiləm ki, hətta Bayden ora getsə də, sülhə doğru hər hansı bir real addım atacaq. Atəşkəs? Ola bilər.“ – deyə, Avropa İttifaqının Misirdəki keçmiş səfiri Ceyms Moran bildirib.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi