• 27 İyul 2024
logo
Paşinyan Putinə xəyanət etdi

Paşinyan Putinə xəyanət etdi

Putin İrəvana gedərsə həbs olun bilər

Oktyabrın 3-də Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Bu barədə "Sputnik" məlumat yayıb.
Müxalifətin boykot etdiyi parlament iclasında hakim partiya nümayəndələri ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər. İqtidar ratifikasiyanın Azərbaycanla əlaqəli olduğunu müdafiə edib.
Bundan əvvəl “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan məsələnin parlament müzakirələrinin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına zidd adlandırıb.
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
Parlamentdə keçirilən səsvermə zamanı sözügedən qanun layihəsinin lehinə 60, əleyhinə isə 22 nəfər səs verib.
Məlumata görə, Roma Statutu oktyabrın 7-də, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək.
Hələ martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib.
Onu da qeyd edək ki, Ermənistan Roma statutunu 1998-ci ildə imzalasa da, parlament onu təsdiqləməmişdi.
2004-cü ildə dayandırılmış ratifikasiya prosesi bərpa edilib. 2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.
Moskva Ermənistanın Roma statutuna qoşulmaq planlarını xoş qarşılamamışdı. Ötən ay Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılmışdı.
Bir neçə gün öncə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq: “Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Moskva Ermənistan parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir”. O da vurğulanıb ki, İrəvan Rusiya tərəfinin sənədlə bağlı cavab təkliflərini nəzərə almayıb.
Rusiya Xa­rici İşlər Nazirliyinin rəsmi nümayəndə­si Mariya Zaxarova sentyabrın 5-də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib: “Biz artıq Ermənistan tərə­findən bu məsələyə aydınlıq gətirilməsini istəmişik və növbəti addımlarımızı İrəva­nın cavabının məzmunu əsasında müəy­yən edəcəyik”.
Qeyd edək ki, Ermənistan hökumə­ti Roma statutuna qoşulmaqla bağlı 2022-ci ildə Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi. Konstitusiya Məh­kəməsi bu ilin martın 24-də Roma statu­tunda təsbit edilmiş öhdəliklərin konstitu­siyaya uyğunluğunu tanıyan qərar qəbul etmişdi. Bundan bir həftə əvvəl – martın 17-də isə Beynəlxalq Cinayət Məhkəmə­si Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında Uşaq hüquq­ları üzrə müvəkkil Mariya Lvova-Belova­nın həbsinə order vermişdi.
Yeri gəlmişkən, qeyd edək ki, 2023-cü ilin mart ayına olan məlumata görə, Roma statutunu 137 dövlət imza­layıb, onlardan 123-ü sənədi ratifikasiya edib. Bu isə Rusiya Prezidentinin statutu ratifikasiya etmiş ölkələrdən hansısa biri­nin ərazisinə daxil olacağı təqdirdə həbs olunaraq, Beynəlxalq Cinayət Məhkəmə­sinə veriləcəyi deməkdir. Yada salaq ki, V.Putin məhz bu səbəbdən, BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cə­nubi Afrika Respublikasından ibarət döv­lətlərarası birlik-S.H.) cari ilin avqustun 22-24-də Yohannesburq şəhərində ke­çirilən XV sammitində iştirak edə bilmə­mişdi. Çünki Cənubi Afrika Respublikası Roma statutunun iştirakçısıdır və BCM-in yurisdiksiyasını tanıyır. Əgər V.Putin onun ərazisinə gələrdisə, ölkə hakimiy­yəti BCM-in orderi əsasında onu həbs etməyə borclu idi
Xatırladaq ki, Ermənistan parlamentinin Dövlət hüququ üzrə daimi komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə həbs olunmalıdır.
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib və bildirib ki, ölkəsi Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır. Peskov onu da əlavə edib ki, Rusiya lideri yaxın zamanda Ermənistana hər hansı səfər planlaşdırmayıb: "Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun" .
O qeyd edib ki, Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab edir və Ermənistanın Roma Statuna qoşulmasından sonra Rusiya diplomatik həll yolu tapmağa çalışacaq.
"Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyi ilə bağlı sualları var", - Peskov bildirib.
Peskov vurğulayıb ki, Kreml İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır və Ermənistanın bu mexanizmlərdən yaxşı heç nəyi yoxdur.
Ermənistanın beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndəsi Eqişe Kirakosyan bildirir ki, ölkəsi Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu məsələsinə dair hüquqi qərarı üzrə ikitərəfli saziş imzalamağı təklif edib: “Roma Statutunun ratifikasiyası halında Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik”. Kirakosyanın sözlərinə görə, Rusiya sazişi imzalamaqdan imtina etsə belə, ölkə liderlərinin toxunulmazlığı var və Ermənistana səfər edəcəyi təqdirdə Vladimir Putinin mümkün həbsi barədə söhbətlər yersizdir. Amma Rusiya bu yanaşmanı qəbul etmir.
Ermənistan baş naziri Nikol Paşinyan isə iddia edir ki, Roma Statutunun ratifikasiyası Rusiya və KTMT-yə qarşı yönəlməyib. Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edilib: “Bunun ratifikasiyası Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin xarici təhlükəsizliyini təmin etmək imkanlarından istifadə etməyə imkan verəcək. Bu qərar Ermənistanın maraqlarına əsaslanır və ölkənin suveren hüququdur”. Hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, Ermənistanı Putinin taleyi yox, Ermənistanın maraqları narahat etməlidir: “Hakimiyyətin siyasi iradəsi istisna olmaqla, hazırda buna heç nə mane ola bilməz. Əgər Ermənistan özünü Rusiyanın müttəfiqi hesab edirsə, o zaman Rusiya Federasiyasının hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirə bilməz. Müvafiq olaraq, Rusiyanın Ukraynaya qarşı təcavüzünü, Rusiya tərəfindən həyata keçirilən bütün soyqırım təzahürlərini, o cümlədən uşaqların qaçırılmasını, ukraynalı uşaqların Rusiya ərazisindən zorla saxlanmasını qanuni hesab etməlidir. Bütün bunlar mövcud ziddiyyəti əks etdirir. Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında Sazişin olması və onu təşviq etmək, eyni zamanda Rusiya Federasiyasının hərbi-siyasi müttəfiqi olaraq qalmaq mümkün deyil. Bunlar bir-birinə zidd olan öhdəliklərdir və Ermənistan onlardan birindən imtina etməli olacaq”. Onun dediyinə əsasən, Roma Statutunun ratifikasiyası o deməkdir ki, Ermənistan müqavilədən irəli gələn tələblərə, o cümlədən Vladimir Putin və digərlərinin həbsi haqda orderlərlə bağlı tələblərə əməl etmək öhdəliyini öz üzərinə götürür: “Rusiya prezidentinin və uşaq ombudsmanı Lvova-Belovanın həbsinə dair orderlər açıqlanıb. Lakin Beynəlxalq Ədalət Məhkəməsinin hələ açıqlanmamış orderləri ola bilər ki, məsələnin əhəmiyyətinə və ya digər mülahizələrə əsaslanaraq, o cümlədən ədalətdən yayınmaq ehtimalının qarşısını almaq məqsədilə məxfi saxlasın. Onların arasında başqa Rusiya rəsmiləri də ola bilər”.
Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib ki, Ermənistan parlamentinin Roma Statutunu ratifikasiyası Putinə qarşı qeyri-dost addımdır. Bununla belə, onun sözlərinə görə, sözügedən addım "xalqlar dostluğunu pozmayacaq".
"Lakin erməni parlamentarilərin qərarı Parlamentlərarası Komissiyanın işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir", - Vorobyov qeyd edib.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin isə bildirib ki, Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi əslində Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi də qiymətləndirilə bilər.
Hər zaman ermənipərəst mövqeyi ilə seçilən deputatın sözlərinə görə, rəsmi İrəvan Roma statutunun ratifikasiyasının əhəmiyyətini hər vəchlə azaltmağa çalışır və həmçinin sənədin müddəalarını Rusiyanın hökumət rəsmilərinə şamil olunmayacağına əmin edir.
“Mən yaxın gələcəkdə Rusiya Prezidentinin Ermənistana səfəri üçün ratifikasiyalı və ya ratifikasiyasız heç bir perspektiv görmürəm”, - K.Zatulin bildirib.
Deputatın fikrincə, İrəvan bilir ki, bu cür hərəkətlər əslində Rusiya lideri üçün Ermənistana girişə qadağa qoyulması deməkdir. O əlavə edib ki, Ermənistan bundan əvvəl RT-nin baş redaktoru Marqarita Simonyan, jurnalist Aram Qabrelyanov və digər şəxslərin ölkəyə girişinə qadağa qoyub.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Baş nazir Nikol Paşinyanın birbaşa təlimatı ilə qəbul edilən bu qanun Rusiyaya qarşı Yerevanın demarşıdır. Qanun layihəsi 7 oktyabrda V. Putinin ad günündə qüvvəyə minəcək. Təbii ki, Roma statusunun qəbulunu Rusiya Ermənistan əlaqələrinin pozulmasına və Kreml tərəfindən sanksiyalar tətbiqi ilə nəticələnəcək: "Bu qanunun qəbulu ilə Putinin Ermənistana səfəri bloklandı. Ermənistan rəhbərliyinin bu qanunu siyasi müstəviyə gətirməsi əsasən Qərb tərəfindən tapşırıqla həyata keçirilib. Ermənistanın bundan hər hansı bir siyasi qazancı olmayacaq. Bundan yararlanan Qərbin bəzi mərkəzləri olacaq.
Bundan sonra, Rusiya Ermənistan hakimiyyətinə qarşı təzyiqləri artıracaq. Birinci, Ermənistana satılan qazın qiymətini qaldıracaq. İkinci, Rusiyadan Ermənistana daxil olan vəsaitin azaldılmasına qərar verəcək. Üçüncü, Ermənistana silah satışına qadağa qoyacaq. Dördüncü, Ermənistanla iqtisadi əlaqələri aşağı salıb, Gürcüstan ilə iqtisadi əlaqələri inkişaf etdirəcək".
Politoloq deyib ki, əgər, Rusiya qazın qiymətini qaldıracaqsa, Ermənistan Rusiyanın hərbi bazasının Gümrüdən çıxarılması üçün kampaniya başlayacaq. Həmçinin KTMT-dən çıxmaq gələn ildən hüquqi prosedura başlayacaq: "Qeyd edim ki, Rusiya Ermənistan əlaqələrinin pozulması cənubi Qafqazda siyasi sabitliyə töhfə verəcək. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edərsə də, buna nail olması mümkün deyil".

Cavid