• 19 Aprel 2024
logo
Səfərbərlik Rusiyaya nə üçün lazımdır və məqsəd nədir?

Səfərbərlik Rusiyaya nə üçün lazımdır və məqsəd nədir?

Azər Qasımov: “Putin ordunu ancaq sürü şəklində ətrafına qorxu salmaq üçün istifadə edəcək”

Rusiyada qismən səfərbərliyin elan olaunması ölkədə vəziyyəti daha da gərginləşdirib. Səfərbərlikdən yayınmaq üçün yüz minlərlə gənc digər ölkələrə üz tutmaq məcburiyyətində qalıb. Buna qarşı ölkəni etiraz dalğası bürüyüb. Qərar verilən günü Rusiyada səfərbərliyə qarşı keçirilən etiraz aksiyalarında 1 400-dən çox insan saxlanılıb. Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədə beynəlxalq uçuşlara da tələbat kəskin artıb. Bir sözlə, Prezidentin qərarı ölkədə çaxnaşma yaradıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Hakimiyyət orqanları 300 000 insanı orduya çağırmağa söz veriblər. Ehtimal olunur ki, əvvəlcə orduda xidmət edən və ehtiyatda qalmaq üçün müqavilə bağlayanlar, sonra isə ehtiyatda olan kişilər orduya çağırılacaq. Bundan sonra bütün Rusiyada qərara etirazlar başlayıb.
Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Azər Qasımov qeyd edib ki, Rusiya prezidenti Putinin Ukrayna hərbi kompaniyasına başladığı müddətin yeddinci ayı geridə qaldı. Bu müddətdə cərəyan edən hadisələr, prosesin gedişi və əldə olunan, daha doğrusu, Rusiya baxımından əldə olunmayan nəticələr bir çox dairələrdə səfərbərliyin elan ediləcəyini, verilən itkilərin çoxluğu və ərazidə rus əsgərinin genişmiqyaslı hərbi kompaniya üçün yetərsizliyi proqnozu özünü doğrultdu. Rusiya çoxdan gözlənilən səfərbərliyə getdi. Qismən də olsa elan edilən səfərbərliyin tam səfərbərlikdən fərqi olmadığı diqqətdən kənarda qalmır. Elan edildiyinə görə, 300 min çağırışçı silah altına cəlb ediləcək. İlk öncə hərbi xidmət keçmiş, hərbi xidmətdə müxtəlif hərbi texnika və silahlardan istifadə bacarığı olan vətəndaşların çağırışa cəlb olunması gözlənilirdi. Təbliğat maşınının daxili auditoriyanı rus ordusunun gücü və qüdrəti barədə utopik xəyallara qərq etdiyi, əksər rus vətəndaşının ordunun və Putinin arxasında olduğu, "ukraynalı millətçi nasistlərin" denasifikasiya edilməsinin vacibliyi haqda xəyallar qurduğu bir vaxtda səfərbərlik elan edilməsi sanki Rusiyanın ortasına atom bombası kimi düşdü. Nüvə radiasiyasından qaçar kimi çağırışçı kateqoriyasına düşən rus vətəndaşlarının ölkədən qaçması sosial mediada həm gülüş, həm də təəccüb mənbəyi oldu. Ətraf ölkələrdən Gürcüstan, Qazaxıstan, Ermənistan, Finlandiya sanki "rus işğalına" məruz qaldı. Hava yolları biletləri astronomik qiymətlərə qalxdı, lakin buna baxmayaraq biletlər satılıb qurtardı.
Politoloqun fikrincə, Türkiyə də bu qaçışdan öz payını alır. Avropa ölkələri rusları qəbul etməkdən imtina etsə də, məsələn Almaniya onları qəbul edə biləcəyini açıqladı. Sərhədlərdə ölkədən çıxmaq üçün on kilometrələrcə avtomobil növbələri yarandı və proses hələ davam edir. Bu ölkələrin bəziləri artıq sərhədləri bağlamağa başlayırlar. Rusiyanı bu ana kimi 261 mindən çox potensial çağırışının tərk etdiyi bildirilir. Sosial medianı Rusiyada bu çağırışa etiraz edənlərin döyülməsi və həbs edilməsi, özünü etiraz əlaməti olaraq yandıran, hərbi komissarı güllələyən, çağırışa alkoqoliklərin cəlb edildiyini, çağırışçılara paslı, qundağı çürük avtomatların verildiyini əks etdirən görüntülər zəbt etdi: “Hətta çağırışa cəlb olunan əsgərlərə ağ alt paltarı gəyinməyi belə məsləhət gördülər ki, cəbhə xəttində bu ağlardan təslim bayrağı kimi istifadə edərək Ukrayna tərəfinə keçsinlər ki, sağ qala bilsinlər. Bir sözlə, taktiki olaraq bilərəkdən qurulmuş bir oyun və ya reallığın əks olunduğu bu görüntülər Rusiyanı çətin günlərin gözlədiyini göstərdi. Bunlar çağırışın görünən tərəfləri idi. Məsələnin bu qədər sadə olacağını düşünmək sadəlövhlük olardı. Rusiya böyük dövlətdir. Onun tərkibindəki xalqların müxtəlifliyi kimi, onun vətəndaş tərkibi də müxtəlifdir. Bunların tərkibində istər qorxaqlıqdan, ya bu müharibənin mənasız və işğalçı olduğu fikri ilə Rusiyanı tərk edənlər varsa da, hesab etmək olar ki, bundan az olmayan sayda da ölkəsinə bağlı və sadiq insanların varlığı olmamış deyildir. Səfərbərliyin Rusiya və onun prezidenti Putin üçün son sınaq və şans olduğu qənaətindəyəm. İlk uğursuzluq Ukraynanın 3-4 günə işğalını planlayan Putinin planlarının baş tutmaması, ikinci halda isə həmin qoşunları geri çəkib, Donbas bölgəsini tamamı ilə işğal məqsədi ilə başladılan əməliyyat idi ki, hər iki halda planlar baş tutmadı. Bu, üçüncü və son prosesdir. Bundan sonrası ilk növbədə Ukrayna üçün, sonra isə Rusiya daxil dünya üçün qaranlıqdır. Bu, nüvə müharibəsi, ən yaxşı halda Putinin hakimiyyətdən devrilməsidir ki, hamının təmənnası bu yöndədir. Səfərbərlik Rusiyaya nə üçün lazımdır və məqsəd nədir? Bu, hesab edirəm ki, hamını düşündürən sualdır. Rusiya Ukraynaya təxminən 180 minlik ordu ilə hücum etmişdi. Hərbi analitiklər bu qüvvənin Ukrayna kimi böyük dövləti hərbi yolla işğal etməsi üçün istər taktiki, istərsə də hərb qanunlarına görə uyğun olmadığı qənaətində idilər. Əslində onlar hesab edirdilər ki, Rusiyanın Ukraynanı ilk öncə planlandığı kimi tam işğal etməsi üçün bu ordunun sayının ən azı 500 min olması lazım idi. Rusiya bunu gec anladı və ona görə işğalın ilk günlərində sonra ordunun irəliləməsi dayandı”.
Hamı Kiyev istiqamətində Ukraynaya daxil olan 60-70 kmlik hərbi texnika karvanının günlərlə yerində durduqdan sonra tədricən əriyib geri çəkildiyini unutmayıb. Hesab etmək olardı ki, 180 minlik ordu ilə ancaq Ukraynanın Donbas və cənub bölgəsində ciddi üstünlüyə nail olmaq olardı, amma bu da belə olmadı. Ukrayna ordusunun döyüş əzmi və Qərbin verdiyi silahlar Rus ordusunun qarşısını aldı. Artıq bu ordunun üçdən ikisi ya məhv edilib, ya da yaralanıb sıradan çıxıb. Ona görə də səfərbərliyə ehtiyac yarandı: “Əldə edilən kəşfiyyat məlumatlarına əsasən səfərbərliyə 300 min deyil, ilk etapda 500 min, sonra da 500 min olmaqla 1 milyon insanın cəlb edilməsi planlaşdırılır. Səfərbərliyin aparılması üsulları da bunu təsdiqləyir. Elan edilən kimi 300 min olması belə Putinin məqsədinin şübhəli olmasından xəbər verir. Bu qədər əsgərin tək Ukrayna cəbhəsində istifadə edilməsi adı altında silah altına alınması onu göstərir ki, Putinin məqsədi yenidən hərbi avantüranın miqyasını genişləndirməkdir. Hesab edirəm ki, Putin tək Ukrayna ilə kifayətlənməyəcək. O, çalışır ki, müxtəlif regionlarda olan rus ordularının komplektləşdirilməsini bərpa etsin. Bu da onu göstərir ki, Putin hələlik öz gücünə inanır kimi görünür və planlarından geri durmayıb. Əslində, Putini bu taktika daxili auditoriyanın gözündə reabilitasiya edə bilər, çünki rus xalqı onun imperialist-şovinist siyasətini sözdə də olsa dəstəkləyir. Putini ayaqda saxlayan, reytinqini artıran da bu idi. Bir ehtimal kimi Putinin yığmağı planlaşdırdığı ordu ilə ətraf ölkələrə də hücum edəcəyini nəzərdən qaçırmaq olmaz. Sovet İttifaqı -2 planı Putin üçün hər zaman prioritet məsələ olub və bu oyuna başlamışkən niyə də buna cəhd etməsin? Bu baxımdan, hər bir dövlətin tədbirləri artırmasında fayda vardır. Hətta ölkədən qaçan çağırışçıların yayıldığı ölkələrin Putinin işğal planında başda dayandığını nəzərə alsaq, ən azı həmin ölkələrin bəzilərində bu insanların potensial təhlükə mənbəyi olması, böyük hissəsinin məqsədli şəkildə göndərilməsi ehtimalını da diqqətdə saxlamaq lazımdır. Səfərbərliyin qaranlıq məqamlarını analiz etdikdə onun keyfiyyətinə və təchizatına, maddi təminatına diqqət yetirmək yerinə düşər. Hesab etmək olar ki, bu amillər aparılan səfərbərlik prosesində və onun hesablanan nəticələrinə ciddi təsir edəcək. Rusiyanın hesab etsək belə ki, normal əsgər toplayıb, onları əldə olan konvensional silahlarla təmin etməsi heç nəyi dəyişməz. Müasir silah komponentləri olmayan orduda əsgər sayı məlum ifadə ilə "canlı ətdən" başqa bir şey deyildir. Nəzərə alsaq ki, Rusiya orduya sərxoş, yaşlı, xəstə demədən əlinə keçənləri cəlb edir, bura öz istəyi ilə orduya getməyə razı olmayıb, məcbur cəlb edilənləri də əlavə etsək, rus ordusunun durumunu təsəvvür etmək elə də çətin deyildir. Belə ordu ilə ancaq məntiqlə fikirləşsək, ciddi olaraq hücum və ya müdafiə əməliyyatları keçirmək olmaz. Hesab etmək olar ki, Putin bu ordunu ancaq sürü şəklində ətrafına qorxu salmaq üçün istifadə edəcək. Sayın çoxluğu ola bilsin ki, qarşısındakı orduda ruh düşkünlüyü yaradacaq, beləliklə də, hansısa irəliləyiş əldə ediləcək. Putin ciddi siyasətçi olsa da, ciddi səhvlər edib artıq. Rus ordusunun adının lağ mənbəyinə çevrilməsi, artıq bu ordunun ciddi ordu olmadığı reallığını dünyaya göstərib. Bu, onun ən əsas ciddi səhvi oldu. Rus şovinizminin əsasını təşkil edən rus ordusu mifi artıq dağılıb. Narazılıqlar planlaşdırdığı kimi ölkənin daxilinə artıq keçib. Daxildəki xalqlar artıq ayağa qalxmağa başlayıb. Bu, çox ciddi problemlərin, hətta Rusiyanın sonunun başlanğıcının xəbərçisidir”.
Cavid