• 13 Avqust 2022
logo
Rusiya Prezidentinin köməkçisi: "Rusiya Taliban rəhbərliyi ilə təmas saxlayır"

Rusiya Prezidentinin köməkçisi: "Rusiya Taliban rəhbərliyi ilə təmas saxlayır"

Rusiya Taliban rəhbərliyi ilə təmas saxlayır və balanslaşdırılmış hökumətin formalaşdırılması və terrorizmə qarşı mübarizənin gücləndirilməsi şərti ilə hərəkatın BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısından çıxarıla biləcəyini mümkün hesab edir.
Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, bu, Əfqanıstanın yeni hakimiyyət orqanlarının rəsmi tanınması üçün əsas olacaq.
"Biz Taliban hərəkatının rəhbərliyi ilə təmas saxlayırıq. Taliban hazırda Əfqanıstanda dominant siyasi qüvvədir. Amma yeni Əfqanıstan hakimiyyətini siyasi cəhətdən balanslaşdırılmış hökumət formalaşdırmağa təşviq etməyimiz çox vacibdir, biz onları terror təhlükəsi ilə mübarizə aparmaq üçün öz fəaliyyətlərini gücləndirməyə təşviq edirik. Təbii ki, biz insan haqlarının təmin olunmasına daha çox diqqət yetiririk. Əgər bu sahələrdə irəliləyiş olarsa, o zaman Taliban hərəkatının BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısından çıxarılmasına gətirib çıxaracaq vəziyyət yarana bilər. Yəni bu, Əfqanıstanda yeni hökumətin rəsmi tanınması üçün əsas olacaq”, - deyə Rusiya prezidentinin köməkçisi vurğulayıb.