• 11 Avqust 2022
logo
Ermənistanda 10 noyabr iğtişaşları ilə bağlı 25 nəfər təqsirləndirilir

Ermənistanda 10 noyabr iğtişaşları ilə bağlı 25 nəfər təqsirləndirilir

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə İrəvanda baş vermiş kütləvi iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 25 nəfər təqsirləndirilir.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.
O bildirib ki, 29 nəfər barəsində daha 10 cinayət işi ittiham aktı ilə İrəvan birinci instansiya məhkəməsinə verilib, onlardan 9-u barəsində hökm çıxarılıb.
Abramyan qeyd edib ki, bir iştirakçıya şərti olaraq 4 il cəza verilib, 5 il sınaq müddəti təyin edilib, daha iki nəfərə 4 il həbs cəzası verilib, lakin apellyasiya şikayətindən sonra müddət 2 ilə salınıb.
Daha bir cinayət işində məhkəmə iğtişaşçının 150 min dram (indiki məzənnə ilə 375 dollar) məbləğində cərimələnməsinə qərar verib.
Abramyanın sözlərinə görə, üç nəfər şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib, onlara 2 il sınaq müddəti verilib; ikisinə 3 il həbs və 500 min dram pul cəzası, digərinə isə 6 il həbs cəzası verilib.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatını imzalamasından sonra bir qrup şəxs etiraz əlaməti olaraq hökumət və parlament binalarına soxulub və parlamentin o zamankı sədri Ararat Mirzoyanı da döyərək, ona ağır bədən xəsarətləri yetirib.