Rusiya və Finlandiya prezidentləri Vladimir Putin və Sauli Niinistö arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Finlandiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Finlandiya rəhbərliyinin NATO-ya üzv olmaq üçün müraciət etmək niyyətini elan etməsi ilə bağlı səmimi fikir mübadiləsi aparılıb.
Vladimir Putin qeyd edib ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində belə bir dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulan və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər.
Liderlər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Xüsusilə Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb.
***
15:07
Finlandiya Prezidenti Sauli Niinistö və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı bu gün olub.
"Prezident Niinistö Prezident Putinə Rusiyanın 2021-ci ilin sonunda NATO-ya üzv olmamaq tələblərinin və 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Finlandiyanın təhlükəsizlik mühitini dəyişdiyini söyləyib. Prezident Niinistö Finlandiyanın yaxın günlərdə NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb.
Prezident Niinistö deyib ki, o, artıq prezident Putinə 2012-ci ildəki ilk görüşdə hər bir müstəqil dövlətin öz təhlükəsizliyini maksimum dərəcədə artırmaq hüququnun olduğunu deyib. Bu hələ də belədir. Finlandiya NATO-ya daxil olmaqla öz təhlükəsizliyini gücləndirəcək və öhdəliklərini üzərinə götürəcək. Finlandiya sərhəd qonşuluğunda yaranan praktiki məsələlərlə faktiki və peşəkar şəkildə məşğul olmağa davam etmək istəyir".
“Müzakirə birmənalı və dürüst olub və mübaliğəsiz aparılıb. Gərginlikdən qaçmaq vacib hesab olunurdu", prezident Niinistö deyib.
Bildirilib ki, danışıq zamanı Prezident Niinistö Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində insanların çəkdiyi əzablardan dərin narahatlığını bir daha bəyan edib:
"O, sülhə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin dinc sakinlərin təxliyyəsinin təmin edilməsi ilə bağlı mesajlarını Putinə çatdırıb".