Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Xarkov vilayətində Ukraynanın Su-27 qırıcı təyyarəsini, eləcə də müxtəlif ərazilərdə 15 pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Lozovaya yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcı təyyarəsini vurub. Bundan əlavə, müxtəlif ərazilərdə Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı vurulub.
Poltava vilayətinin Kremençuq şəhərinin şimal kənarında yüksək dəqiqlikli uzaqmənzilli dəniz və hava bazalı raketlərlə neft emalı zavodunun istehsalat sahələrini və Ukrayna qoşunlarının hərbi texnikasını təchiz etmək üçün nəzərdə tutulmuş benzin və dizel yanacağı olan çənlər məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb
İqor Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb:
"Xüsusi hərbi əməliyyat başlayandan ümumilikdə 165 təyyarə, 125 helikopter, 842 pilotsuz uçuş aparatı, 304 zenit-raket kompleksi, 3032 tank və digər zirehli döyüş maşını, 368 reaktiv yaylım atəşi sistemi, 1491 səhra artilleriya və minaatan, 2869 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".