• 29 May 2022
logo
Ukrayna iqtisadiyyatının bərpa planı təqdim edilib

Ukrayna iqtisadiyyatının bərpa planı təqdim edilib

Ukraynanın İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının bərpası üçün “yol xəritəsi”ni təqdim edib.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, Ukraynanın müharibədən sonrakı bərpası məlum “Marşal planı” dövründən bəri ən böyük layihələrdən biri olacaq.
“Onun həyata keçirilməsi bütün sivil dünyanı əhatə edəcək, çünki biz bu gün təkcə özümüz üçün deyil, həm də qlobal təhlükəsizlik üçün mübarizə aparırıq”, - Yuliya Sviridenko qeyd edib.
Nazir bərpa planının əsasını təşkil edəcək prinsiplərin adını çəkib. Onların sırasına Aİ və G7 bazarlarına tam çıxış, namizəd statusunun əldə edilməsi, sonra isə Aİ-yə tam üzvlük, Qərb istiqamətində logistik marşrutların yaradılması, yerli qaz hasilatının artırılması və nüvə enerjisinin inkişafı, xammal ixracından sənaye sahələrində emala keçid, hərbi-sənaye kompleksinin inkişafı və digər aspektlər daxildir.
“İrimiqyaslı layihələri həyata keçirmək üçün biz G7 ölkələri və Aİ ilə texnologiya transferi və maliyyə resurslarına çıxış rejimində tərəfdaşlığı inkişaf etdirməliyik. Əsas yanaşmalardan biri dövlətlər tərəfindən onların şirkətlərinə Ukraynaya sərmayə qoyduqlarına görə zəmanətlərin verilməsi ola bilər”, - Yuliya Sviridenko əlavə edib.