• 29 May 2022
logo
Rusiya uzaq mənzilli raketlərlə Kiyevdəki hərbi zavodu vurub

Rusiya uzaq mənzilli raketlərlə Kiyevdəki hərbi zavodu vurub

Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli hava bazalı raketləri Kiyev şəhərində “Artem” raket və kosmik sənaye müəssisəsinin istehsalat binalarını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri ötən gecə ərzində Ukraynada on hərbi obyekti vurub: “Nəticədə canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi doqquz ərazi, həmçinin İlyiçovka yaşayış məntəqəsi yaxınlığındakı sursat anbarı məhv edilib.
Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə ərzində Ukraynanın 112 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, 11 dayaq məntəqəsi, 95 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, həmçinin Pokrovskoe və Qoroxovskoe yaşayış məntəqələrində dörd raket və artilleriya silahı anbarı olub.
"Kalibr" yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı raketləri Fastov, Krasnoselka və Polunnoe dəmir yolu qovşaqlarının ərazilərində üç dartma elektrik yarımstansiyasını məhv edib”.
Konaşenkov ötən gecə ərzində Rusiyanın raket və artilleriya qoşunlarının isə Ukraynada 13 hərbi obyekti vurduğunu açıqlayıb: “Nikolaev vilayətinin Qoroxovskiy yaşayış məntəqəsi ərazisində Ukraynanın “Toçka-U” raket kompleksinin döyüş heyəti ilə birlikdə buraxılış qurğusu müəyyən edilərək məhv edilib. Bundan əlavə, canlı qüvvənin cəmləşdiyi altı ərazi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç artilleriya batareyası və reaktiv yaylım atəşi sistemlərinin bir diviziyası məhv edilib.
Artilleriya bölmələri gecə ərzində 975 atəş tapşırığı yerinə yetirib. Nəticədə 21 komanda məntəqəsi, 69 dayaq məntəqəsi, 763 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, həmçinin 107 artilleriya mövqeyi, 280-dən çox millətçi və 38 zirehli texnika və avtomobil məhv edilib.
Rusiya hava hücumundan müdafiə sistemləri isə ötən gecə ərzində Ukraynanın 13 pilotsuz uçuş aparatını, həmçinin, Kamenka yaşayış məntəqəsi ərazisində “Smerç” reaktiv yaylım atəşi sistemindən buraxılan raketi vurub”.
Rusiya MN sözçüsü xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna tərəfinin hərbi itkilərini də açıqlayıb: “Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 142 təyyarə, 111 helikopter, 634 pilotsuz uçuş aparatı, 278 zenit-raket kompleksi, 2638 tank və digər zirehli döyüş texnikası, 304 reaktiv yaylım atəşi sistemi, 1175 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2467 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”.