Ukrayna hərbçiləri Mariupolda qəhrəmancasına vuruşurlar və onlarla rabitə qorunub-saxlanılır.
"Ukranews.com" saytının xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı "Facebook" hesabındakı paylaşımında belə qeyd edib.
“Mariupolun müdafiəsi davam etdirilir. Şəhəri qəhrəmancasına saxlayan müdafiə qüvvələrinin bölmələri ilə kommunikasiya sabitdir və saxlanılır. Bir daha vurğulayıram ki, həyata keçirilən müdafiə əməliyyatları ictimai müzakirə mövzusu deyil”, - Valeri Zalujni bildirib.
Valeri Zalujni vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Mariupolda və digər yerlərdə qələbə üçün mümkün olan hər şeyi edir.
Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın 9 may tarixindən öncə Mariupolun ələ keçirilməsi üçün yaxın gələcəkdə təzyiqi artıracağını bildirib.
O, Donbas regionunda iki həftəlik ağır müharibənin baş verəcəyini və ölkənin taleyini müharibənin ikinci mərhələsinin müəyyənləşdirəcəyini qeyd edib.