Rusiyanın Buxarestdəki səfirliyinin qapısına avtomobil çırpılıb.
“Reuters“ xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Rumıniya polisinin məlumatına görə, insident nəticəsində avtomobilin sürücüsü həlak olub.
Yayılan videolarda hadisədən sonra avtomobilin alışaraq yanmağa başladığı əks olunub. Rumıniya polisi hadisənin qəsdən və ya qəza nəticəsində baş verməsini araşdırdığını bildirib, lakin sürücünün şəxsiyyətini açıqlamayıb.
Ukraynanın işğalından sonra, son həftələr ərzində Avropanın bir sıra ölkələrindəki Rusiya səfirlikləri etirazçıların hədəfinə çevrilib. Rumıniya ötən gün beynəlxalq qaydalara uyğun fəaliyyət göstərmədiyini əsas gətirərək 10 rusiyalı diplomatı ölkədən çıxaracağını bəyan edib. Ukraynanın işğalının başlamasından sonra təxminən 624 860 ukraynalının Rumıniyaya keçdiyi bildirilir. Onlardan təxminən 80 mininin hələ də Rumıniyada qaldığı ehtimal edilir.