Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedev Ukraynanın Avropa İttifaqına daxil olmaq istəyinə münasibət bildirib.
Medvedev öz Telegram kanalında təsdiqləyib ki, ukraynalılar Rusiyanın bu məsələdə mövqeyini bilirlər.
“Belə bir istək varsa, qoşulun, təklif etmək şərəf olardı”, - Medvedev vurğulayıb.
Siyasətçinin sözlərinə görə, Monteneqro və Şimali Makedoniya ilə bağlı son illərin təcrübəsi göstərir ki, Aİ-yə daxil olmaq yalnız NATO vasitəsilə baş verir və Moskva ilə Kiyev arasında bağlanmış son razılaşmalara görə, Ukrayna özünü bloka daxil olmayan və alyansa qoşulmayan dövlət elan etmək niyyətindədir.
Medvedev daha sonra yaxın keçmişdən bir tarixçəni – sabiq Baş nazir Viktor Çernomırdinin Ukraynada səfir olduğu zaman ona aid edilən sözləri qeyd edib: “Ukraynanın Aİ-yə nə vaxt daxil olacağı ilə bağlı suala Çernomırdin belə cavab verib: “Türkiyədən dərhal sonra”. Türkiyənin Aİ-yə nə vaxt qoşulacağı ilə bağlı növbəti suala isə o, “Heç vaxt” deyə aydınlıq gətirib”.
Qeyd edək ki, Kiyevlə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasına etiraz etmir.