BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı soyqırımı iddiası üzrə dinləmələr başlayıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin adından martın 7-də Ukrayna nümayəndə heyəti BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına uyğun olaraq Rusiyaya qarşı iş üzrə hüquqi mövqeyini təqdim edib.
“İkinci Dünya müharibəsindən sonra beynəlxalq ictimaiyyət iki əsas prinsipi tanımaq üçün bir araya gəldi: suveren dövlətləri təcavüzdən qorumaq və insanların insan hüquqlarının kobud şəkildə pozulmasından, xüsusən də soyqırımı aktından müdafiəsi.
Rusiya beynəlxalq hüquq və xüsusən də insan hüquqlarının müdafiəsi sahəsində fundamental beynəlxalq müqavilə olan yuxarıda qeyd olunan Konvensiya ilə manipulyasiya edərək ondan Ukraynaya qarşı silahlı təcavüz üçün istifadə edib.
Bu gün Ukrayna nümayəndə heyəti qan tökülməsini dayandırmaq üçün bu işdə aşağıdakı ehtiyat tədbirlərinin görülməsi üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edir:
- Rusiya Federasiyası Ukrayna ərazisində 24 fevral 2022-ci il tarixdən başlayan hərbi əməliyyatları dərhal dayandırmalıdır;
- Rusiya Federasiyası dərhal əmin etməlidir ki, onun tabeliyində, nəzarətində və ya təsiri altında olan hər hansı hərbi və digər silahlı birləşmələr döyüş əməliyyatlarını dayandırır".
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, onun ölkəsi bütün cəbhələrdə, həmçinin diplomatiya cəbhəsində mübarizəni davam etdirir.