Gürcüstan Rusiyaya qarşı tətbiq ediləcək maliyyə və iqtisadi sanksiyalara qoşulmayacaq.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə sanksiyalara qoşulması ölkəyə və əhaliyə zərər vura bilər. Baş nazir qeyd edib ki, sanksiyalara qoşulmamaq qərarı milli maraqlar əsasında qəbul edilib.
“Biz beynəlxalq tərəfdaşlarımızın Ukraynada münaqişənin başlanmasından sonrakı fəaliyyəti ilə tanış olmuşuq. Mən iqtisadi və maliyyə sanksiyalarını nəzərdə tuturam. Aydın və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, milli maraqlarımızı və əhalinin maraqlarını nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyəcəyik. Bu, ancaq ölkəyə və əhaliyə zərər vuracaq. Mən bizim ölkəmizin əhalisi üçün məsuliyyət daşıyıram”, - deyə İrakli Qaribaşvili bildirib.
O, Baş nazir kimi istər daxili, istərsə də xarici siyasətdə yalnız Gürcüstanın milli maraqlarını rəhbər tutduğunu qeyd edib.