• 10 Dekabr 2023
logo
NATO: Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək

NATO: Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək - YENİLƏNİB 

Rusiyanın Ukraynaya tamamilə əsassız və dəhşətli hücumunu ən kəskin şəkildə pisləyirik.
NATO-nun saytı xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının bəyanatında bildirilib. Bəyanatda Belarus da bu hücuma imkan yaratdığına görə qınanıb.
"Bu hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini ciddi şəkildə pozur və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və NATO-Rusiya Təsis Aktındakı öhdəliklərinə tamamilə ziddir. Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır. Biz Ukrayna xalqının və onun qanuni, demokratik yolla seçilmiş prezidentinin, parlamentinin və hökumətinin yanındayıq. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində ərazi bütövlüyü və suverenliyinə tam dəstəyimizi davam etdirəcəyik".
Şimali Atlantika Alyansı Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə, ehtiyacı olan bütün insanlara təhlükəsiz və maneəsiz humanitar çıxış və yardım imkanını verməyə çağırıb. "Biz Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələrin tanınmasını genişləndirmək qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur və Rusiyanın da imzaladığı Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qeyri-qanuni tanınmanı heç vaxt qəbul etməyəcək. Biz ən sərt şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan dönməyə çağırırıq. Rusiya liderləri öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdırlar. Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək. Böhran dövründə NATO, müttəfiqlər və tərəfdaşlarımız Rusiya ilə, o cümlədən ən yüksək səviyyələrdə diplomatiya və dialoq aparmaq üçün hər cür səy göstərmiş və Avro-Atlantika regionunda bütün xalqların təhlükəsizliyini gücləndirmək üçün çoxlu əsaslı təkliflər irəli sürmüşlər. Biz dəfələrlə Rusiyanı NATO-Rusiya Şurasında danışıqlara dəvət etmişik. Rusiya hələ də qarşılıq verməyib. Eskalasiyanı seçən yalnız və yalnız Rusiyadır. Rusiyanın hərəkətləri Avro-Atlantikanın təhlükəsizliyinə ciddi təhlükə yaradır və onların geostrateji nəticələri olacaq. NATO bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək. Biz Alyansın şərq hissəsinə əlavə müdafiə quru və hava qüvvələri, eləcə də əlavə dəniz qüvvələri yerləşdiririk. Biz bütün gözlənilməz hallara cavab vermək üçün qüvvələrimizin hazırlığını artırmışıq. Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr apardıq. Biz bütün Müttəfiqləri qorumaq üçün müdafiə planımıza uyğun olaraq Alyans daxilində müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasib və eskalasiya yaratmayan xarakter daşıyır”.
***
14:36

NATO Rusiyanın Ukraynaya hücumu ilə bağlı yeni açıqlama verib.
TASS xəbər verir ki, NATO son hadisələr fonunda alyansın şərqi cinahına əlavə quru qüvvələri və hava hücumundan müdafiə sistemi yerləşdirəcəklər.
NATO Rusiyanı Avroatlantik məkanın təhlükəsizliyi üçün təhdid adlandırıb.