• 29 Noyabr 2023
logo
Britaniya Rusiyaya qarşı sanksiyaları G7 və Aİ ilə razılaşdırıb

Britaniya Rusiyaya qarşı sanksiyaları G7 və Aİ ilə razılaşdırıb

Böyük Britaniya Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyi təqdirdə ona qarşı tətbiq olunacaq sanksiyaları "Böyük Yeddilik" (G7) və Avropa İttifaqının (Aİ) tərəfdaşları ilə artıq razılaşdırıb.
TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"Güzəştlər Rusiyanı hərbi müdaxilədən saxlamayacaq. Biz Ukraynanı dəstəkləməklə güc nümayiş etdirməliyik. Fövqəladə hallar zamanı sərt sanksiyalar paketinin hazırlanmasını təmin etməliyik. Artıq bu sanksiyaları G7-dəki müttəfiqlərimiz və Almaniya da daxil olmaqla Aİ ilə razılaşdırmışıq", - Böyük Britaniyanın xarici işlər naziri bildirib.
Eyni zamanda o əlavə edib ki, Böyük Britaniya Ukraynaya iqtisadi, həmçinin kibertəhlükəsizliklə bağlı dəstək verir, Britaniya Kiyevə müdafiə silahları verib və ukraynalı əsgərlərin hazırlanmasına kömək edir. Bundan əlavə, Trasın fikrincə, bütün NATO üzvlərinin ÜDM-in 2%-ni müdafiəyə xərclərinə yönəltməsi zəruridir: "Biz NATO qoşunlarımızdan da istifadə etməliyik".
Nazir əlavə edib ki, Böyük Britaniya Estoniyada mövcudluğunu gücləndirir. Onun fikrincə, bu cür tədbirlər Rusiyanı hücumlardan çəkindirə bilər.
Tras bir daha Rusiyanın hipotetik olaraq Ukraynaya müdaxiləsi ehtimalına toxunub: "Gördüyümüz hər bir şey Rusiyanın Ukraynaya müdaxilə etməsinin planlaşdırdığını göstərir. Biz qoşunların sərhəddə irəlilədiyini, Donbassda yalançı bayraq əməliyyatlarını, Kiyevə kiberhücumları n olduğunu görürük. Bütün bunlar narahatlıqlar yaradır və böyük ehtimalla işğala çevrilə bilər".
Buna baxmayaraq, Tras vəziyyətin diplomatik həllinin tapılmasının tərəfdarı olduğunu bildirib.
"Mən diplomatiyanın işləməsini istəyirəm. İstəyirəm ki, Rusiya NATO ilə, ABŞ-la, avropalı tərəfdaşlarımızla ciddi danışıqlar aparsın. Qərbdə heç kim Avropada müharibənin olmasını istəmir. Bu, həm Ukrayna xalqı, həm də Rusiya xalqı üçün dağıdıcı olardı", - deyə Tras yekunlaşdırıb.