• 26 Aprel 2024
logo
Rusiya hər an Ukraynanı işğal edə bilər

Rusiya hər an Ukraynanı işğal edə bilər

Baydenin Ukraynaya qoşun göndərmək niyyəti və ya istəyi yoxdur

NATO-nun Ukraynaya dəstək ifadəsi, rəsmi Kremlin sərhədə hərbi texnika və canlı qüvvə yerləşdirməsi müharibə anonsunu verir. Ukrayna-Rusiya arasında müharibənin nə zaman başlaya biləcəyi ilıə bağlı dəqiq tarix göstərilməsə də, Qərb ekspertləri bunun yaxın aylarda ola biləcəyi proqnozunu veriblər.
Müdafiə naziri Aleksey Reznikov isə bildirib ki, yaxın zamanlarda Rusiya tərəfindən hücum olmayacaq.
Nazir bildirib ki, hərbi baxımdan Rusiyanın hücum etmək üçün səbəbi yoxdur: “Amma bu, rusların hücum etməyəcəyi mənasını vermir. Risk hər zaman var”.
Xarici ölkələrin iştirakı şərti ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşməyə hazır olduğunu bildirən Reznikov əlavə edib ki, Brüssel, Münixdə ABŞ və Birləşmiş Krallıq kimi partnyorların iştiralı ilə Şoyqu ilə müzakirələr aparmağa hazırdır.
Ağ Ev isə ABŞ Prezidenti Co Baydenin Ukraynaya qoşun göndərmək niyyətində olmadığını açıqlayıb.
Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın hər an Ukraynanı işğal etməklə təhdid etdiyini deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin beynindən keçənləri oxuya bilmədiklərini söyləyib.
ABŞ-ın hər cür ssenariyə hazır olduğunu vurğulayan Psaki qeyd edib:
“Üstünlük verdiyimiz yol diplomatiyadır, amma sərhəd bölgəsində hərəkətliliyin artdığını görürük”.
Psaki Baydenin hazırkı diqqətinin NATO-nun şərq cinahında olduğunu vurğulayıb: “Bu məsələni aydınlaşdırmaq üçün deyim ki, Baydenin Ukraynaya qoşun göndərmək niyyəti və ya istəyi yoxdur”.
Bu arada Rusiya və Ukrayna arasında müharibə ehtimalının artdığı vaxt CNN telekanalı ölkənin şərqindəki Xarkov şəhərini “Rusiya ərazisi” kimi göstərərək, ölkənin sərhədlərini “dəyişib”.
Proqramın aparıcısı Kristina Amanpur NATO baş katibi Yens Stoltenberqdən Avropadakı mövcud vəziyyətlə bağlı müsahibə alarkən, “CNN International”ın proqramında “Xarkov, Rusiya” etiketi yer alıb.
Proqramda Rusiya Müdafiə Nazirliyinin zirehli texnikaları nümayiş etdirilib. Bu, sosial şəbəkələrin Ukrayna seqmentində etirazla qarşılanıb.
Stoltenberq isə Amanpura deyib ki, NATO Rusiya ilə silahlara nəzarət, hərbi fəaliyyətlərdə şəffaflıq, risklərin azaldılması mexanizmləri və Avropanın təhlükəsizliyi ilə bağlı digər məsələləri müzakirə etməyə hazırdır, amma genişlənmə kimi fundamental prinsipləri Moskvayla müzakirə etməkdən imtina ediblər.
Xorvatiya Prezidenti Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibə başlayacağı halda hansı addımların atılacağı ilə bağlı suala cavabında deyib ki, bu vəziyyətdə əsl günahkar yoxdur, amma kimin zərər görəcəyi çox aydındır. Ona görə də Xorvatiya ordusu belə bir müharibəyə qatılmayacaq.
“Mən Xorvatiya ordusunun baş komandanıyam. Ukrayna ilə Rusiya arasında münaqişənin gərginləşəcəyi təqdirdə Xorvatiya ordusunun bütün üzvlərini çıxaracağıq. Xorvat ordusuna aid bir əsgərin ərazidə olmasını istəmirəm”, - deyə Milanoviç bildirib.
O, qərarın Ukrayna və ya Rusiya ilə heç bir əlaqəsi olmadığını bildirib:
“Qərarımız tamamilə Co Bayden rəhbərliyinin dinamikası və Amerikanın daxili siyasətindən asılıdır”.
Siyasi ekspert Elman Vəliyev “Xalq Cəbhəsi”nə deyib ki, birinci və ikinci dünya müharibələri dünyanın siyasi xəritələrini dəyişmək, yeni ərazilər ələ keçirmək uğrunda idisə, III dünya müharibəsi "enerji" qaynaqları uğrunda ola bilər. Amma dünya hələki buna hazır deyil. Rusiya öz şərtlərini (əsas şərt NATO-nun şərqə doğru genişlənməməsi) diktə etmək üçün psixoloji təzyiqlər edir.
Onun fikrincə, Avropanın qaz ehtiyatını Rusiya qarşılayır. Avropanı Rusiyadan azad etmək üçün gərək onun enerji ehtiyatlarını təmin edələr. ABŞ bunun üçün Qətəri alternativ görür, ancaq bu proses çox baha başa gələ biləcək bir layihədir. Almaniya Rusiyanın Şşimal axını 2" layihəsindən olduqca fayda götürdüyündən Ukrayna üçün qapılarını bağladı: “NATO üzvlərinin Rusiyaya müharibə edəcəyini düşünmək emosionallıq ola bilər. Rusiyanın irəli sürdüyü şərtlərin künclərini yonaraq kompromis əldə etmək olar. Rusiya Svestapol bazasına, Qara dənizin geostrateji mövqeyinə görə Kırımı güzəştə getməyəcək! Ukrayna ehtiyatsız davransa, uduzacağına şübhəm yoxdur. Türkiyənin vasitəçi kimi iştirak etməsi (ehtimalı çox yüksək deyil) Rusiya üçün sərfəlidir. Əgər üçlük bir masada əyləşəcəksə (rejim rəhbərləri də ola bilər) Türkiyə neytrallığı qoruyacaq, ancaq Rusiya güzəştə getməyəcək. Türkiyə Amerikanın təzyiqlərinə baxmayaraq S-400-lərdən imtina etmədi. Lakin zənn etmirəm ki, separatçı rejimlər (Donetsk, Luqansk) Türkiyənin vasitəçiliyini səmərəli hesab edələr. Rusiyanı yalnız koalisiya formatında diz çökdürmək olar”.
Cavid