• 20 Aprel 2024
logo
Paşinyan Türkiyəyə gedir

Paşinyan Türkiyəyə gedir

Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəyini açıqlayıb.
Paşinyan Türkiyə ilə normallaşma prosesinə çox ciddi və səmimi yanaşdıqlarını deyərək, danışıqların hazırkı tempdə davam edəcəyi təqdirdə Türkiyənin dəvətini qəbul edəcəyini və Antalyada planlaşdırılan Diplomatiya Forumuna qatılacağını açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında normallaşma prosesini sona çatdırmaq niyyətindədir.
Bu dəfəki danışıqların 2009-cu ildəkindən fərqli zəmində başladığını vurğulayan Ermənistanın baş naziri qeyd edib:
“Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq. Əvvəlki uğursuz cəhdlərdən əldə etdiyimiz təcrübələri nəzərə alaraq, qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”.
Paşinyan Rusiyanın paytaxtı Moskvada iki ölkənin xüsusi nümayəndələri arasında ilk birbaşa görüşdən də bəhs edib:
“Məlum olduğu kimi, tərəflər arasında təyin olunan xüsusi nümayəndələr arasında ilk təmas müsbət atmosferdə olub. Bu müsbət dinamika davam edərsə, Türkiyənin dəvətini qəbul edərək Antalyada keçirilən Diplomatiya Forumuna qatılmağı düşünürəm. Fürsətdən istifadə edərək yüksək səviyyəli rəsmilərlə görüşmək lazımdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır.
E.Şahinoğlunun sözlərinə görə, yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddə nisbi sakitlikdir:
"Ötən ilin noyabrında Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiya yaradılacaq. Komissiyadan xəbər-ətər varmı?
Digər tərəfdən, Paşinyan sülh sazişindən danışarkən, “Qarabağ probleminin” buna dəxli olmadığını, bu “məsələnin” ATƏT-in Minsk Qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi “statusa” işarə edir. Sülh sazişi ilə “status” bir araya sığmır.
Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri “növbəti qonaq kim olacaq” sualı da aktuallığını qoruyur".
Politoloq Fərhad Məmmədov Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib ki, Paşinyanın çıxışında bəyan etdiyi məqamları rəsmi İrəvan şərtlərdən daha çox, prosesin səmərəliliyinin artırılması üçün həll edilməli məsələlər kimi təqdim edir. Azərbaycanın məsələyə baxışı isə ondan ibarətdir ki, hazırkı şəraitdə proses başlamalıdır. Burada vacib məsələ hər şeydən öncə görüləcək işlərin hansı metodoloji baza üzərində qurulması ilə bağlı ortaq sənədin qəbuludur.
Onun sözlərinə görə, bəhs edilən sənəddə bütün məsələlər detallı şəkildə öz əksini tapmalıdır:
“Sənəddə keçmişdə qəbul edilmiş hansı razılaşmalara istinad ediləcəyi və sərhəd xətlərinin təyini zamanı istifadə olunacaq xəritələr razılaşdırılmalıdır. Bununla həm rəsmi İrəvan, həm də erməni cəmiyyəti ərazi bütövlüyümüzü tanımış olacaq”.
Politoloq hələ də Paşinyanın beynəlxalq şərtlərin onun istədiyi kimi dəyişəcəyinə ümid etdiyini, lakin bunun əbəs olduğunu vurğulayıb:
“Paşinyan Azərbaycanın onun irəli sürdüyü şərtlərlə razılaşmayacağını çox yaxşı bilir. Burada diqqət çəkən məqam beynəlxalq güclərin də mövqeyidir. Məsələn, dəmir yolu məsələsində son nəticədə bütün maraqlı tərəflərin mövqeyi üst-üstə düşdüyü üçün artıq rəsmi İrəvan bununla bağlı kiçik bir heyət də formalaşdırıb və büdcə ayırmağa qərar verib. Lakin beynəlxalq güclərin mənfəət güddüyü, maraqlarının toqquşduğu məsələlərdə Ermənistan da nələrəsə ümid edir. Ancaq bu əbəsdir. Çünki müharibədə qazandığı zəfər ilə bölgədə yeni reallıq yaradan Azərbaycan təşəbbüsü öz əlində saxlayır”.

Cavid