Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyirik və bu səylərdə aktiv iştirak edirik.
Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.
“Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına kömək edir və mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”, - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov xatırladıb ki, Rusiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” formatını da aktiv şəkildə dəstəkləyib: “Biz bu təşəbbüsdə birləşdirici potensial gördük. Bu ideyanın müzakirəsinin ilk günlərindən gürcü həmkarlarımızın da bu təşəbbüsə qoşulmasının tərəfdarı kimi çıxış etdik. Hesab etdik ki, nə qədər çox təmas olsa, digər qalan problemlərin də həlli üçün yaxşı olar. Biz indi gürcü həmkarlarımızla Cenevrə müzakirələri çərçivəsində və Moskva və Tbilisi tərəfindən yaradılan qeyri-rəsmi ikitərəfli kanal çərçivəsində görüşürük. Lakin fikrimcə, “3+3” formatı daha əhəmiyyətlidir. Bu formatda bütün regionun inkişafı perspektivləri müzakirə olunur”.