Nurlan Qələndərli: “Bu addım təşkilatın nizamnaməsinə də uyğun deyil”
“KTMT-nin Qazaxıstana hərbi qüvvələr yeritməsi, həqiqətən, yerli və beynəlxalq medianın əsas siyasi gündəm mövzusunu təşkil edir. Məsələ siyasi ekspertlər və beynəlxalq hüquq mütəxəssisləri tərəfindən ciddi müzakirə, hətta mübahisə predmetinə çevrilib. Bu da təsadüfi deyil, çünki diqqət mərkəzində olan əsas məqam KTMT-nin Qazaxıstanda daxili proseslərə müdaxilə etmək hüququnun olub-olmamasıdır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Qazaxıstanda baş verən hadisələr təşkilat üzvü olan ölkələrin təhlükəsizliyinə aid olan kollektiv milli və regional məsələ deyil, ölkənin daxili işidir. Doğrudur, bu ölkənin prezidenti rəsmi surətdə KTMT-ni proseslərə müdaxilə etməyə çağırıb. Amma qurumun nizamnamasində təhlükəsizlik və suverenliyin təmin olunmasından bəhs olunsa da, Qazaxıstan məsələsində hansısa xarici müdaxilə və ya sərhədlərin mühafizəsi müzakirə mövzusu deyil. Ona görə də operativ müdaxiləyə hüquqi əsas olub-olmaması məsələsi açıq qalır. Bununla yanaşı, indiyə qədər təşkilatın fəaliyyətində belə bir təcrübə qeydə alınmayıb”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, Qazaxıstana qoşun yeridilməsi faktiki olaraq KTMT-nin nizamnamənin 4-cü maddəsinin 5-ci bəndi ilə əsaslandırılsa, bu, yanlış yanaşmadır: “Görünən odur ki, nizamnamənin tələbi pozulub. Həmin maddədə qeyd olunur ki, əgər üzv dövlətlərdən hər hansı biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücuma) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən bu müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək. Qazaxıstandakı hadisələrdə hər hansı bir “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” hal olmasa da, deyildiyi kimi, sabitliyi pozacaq hal olduğu üçün belə qərara gəlinib. Amma “sabitliyi pozacaq hal” məqamını “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” kateqoriyası ilə tam eyniləşdirmək olmaz. Digər tərəfdən, konkret olaraq KTMT nizamnaməsində təşkilatın hərbi qüvvələrinin ölkədaxili etirazların qarşısını almaq üçün istifadə oluna bilinəcəyinə dair məsələ əksini tapmayıb. Ona görə də KTMT-nin Qazaxıstana qoşun yerdilməsi qərarının səhv olmasını, bunun təşkilatın nizamnaməsinə də uyğun olmamasını deyənlər qətiyyən yanılmırlar”.
Əli