• 6 Dekabr 2021
logo
Koronavirus səbəbindən Moskvada 11 günlük qeyri-iş günləri başlayır

Koronavirus səbəbindən Moskvada 11 günlük qeyri-iş günləri başlayır

Koronavirusla bağlı vəziyyətin daha da kəskinləşməsi səbəbindən Moskvada oktyabrın 28-dən noyabrın 7-də daxil olmaqla 11 günlük qeyri-iş günləri başlayır.
Bununla bağlı Moskva meri Sergey Sobyanin müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, yalnız fəaliyyətini dayandırmaq mümkün olmayan sahələr istisna olmaqla, paytaxtdakı bütün müəssisə və təşkilatlar fəaliyyət göstərməyəcək.
Təhsil müəssisələri ilə yanaşı, əksər mağazalar da bağlanacaq. Yalnız zəruri malların satıldığı ərzaq mağazaları, eləcə də apteklər işləyəcək.
11 günlük müddətdə, həmçinin, kimyəvi təmizləmə və camaşırxanalar, gözəllik salonları, fitnes klubları, hovuzlar da qapadılacaq.
Yanacaqdoldurma məntəqələri fəaliyyətini davam etdirəcək, lakin avtomobillərə xidmət mərkəzləri, ehtiyat hissələri mağazaları fəaliyyətini dayandıracaq.
Konsert salonları, kinoteatrlar və sirklər bağlı olacaq. Eyni zamanda, teatrlar və muzeylər yalnız QR kodlarla və maksimum 50 %-ə qədər davamiyyət məhdudiyyəti ilə öz işlərinə davam edə biləcək.
Paytaxtda ictimai nəqliyyat adi rejimdə fəaliyyətini davam etdirəcək.