• 4 Oktyabr 2022
logo
Stoltenberq: “Talibanın qayıdışı əfqan xalqı üçün faciədir”

Stoltenberq: “Talibanın qayıdışı əfqan xalqı üçün faciədir”

“Talibanın Əfqanıstana qayıdışı xalq üçün faciədir”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının 67-ci illik sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, NATO müttəfiqləri 20 il ərzində Əfqanıstanda çiyin-çiyinə dayanıb: “Geniş məsləhətləşmələrdən sonra oranı tərk etmək qərarını verdik. Bu asan qərar deyildi, çünki biz dilemma ilə üzləşmişdik. Ya qalıb yenidən müharibə və sonsuz hərbi mövcudluq riskini, ya da ölkəni tərk edib taliblərin yenidən hakimiyyətə qayıtması riskini gözə almalıydıq. İllər boyu əfqanlara dəstək verən hamı üçün baş verənlər ürək parçalayandır. NATO bayrağı altında xidmət edən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.
Y. Stoltenberqin sözlərinə görə, bu illər ərzində qoyulan sərmayə və verilən qurbanlar boşa getməyib: “20 ildir Əfqanıstandan ölkələrimizə heç bir terror hücumu baş vermir. Orada hərbi mövcudluğumuz əhəmiyyətli sosial və iqtisadi tərəqqi üçün şərait yaratmağa kömək edib. Beynəlxalq ictimaiyyət qazanılan bu uğurları qorumalıdır”.
Baş katib vurğulayıb ki, Talibanın götürdüyü öhdəliklərə görə məsuliyyət daşıması üçün NATO və beynəlxalq ictimaiyyət bütün rıçaqlardan istifadə etməlidir.
O qeyd edib ki, NATO-da Əfqanıstanla əlaqələri qiymətləndirmə prosesi başlayıb: “Bu prosesin nəticəsi barədə danışmaq hələ tezdir, amma bir məsələ aydındır: Əfqanıstandakı böhran Avropa və Şimali Amerikanın NATO-da bir arada olmasına olan ehtiyacı dəyişmir”.