• 5 Oktyabr 2022
logo
Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB-3

Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha bir ana və uşağının meyitini çıxarıb.
Bununla da hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Qeyd edək ki, daha əvvəl həlak olanlar arasında 35 yaşlı ana ilə bərabər onun 1 və 9 yaşlarında iki övladının olduğu açıqlanıb. Dağıntıların altından ağır bədən xəsarətləri ilə xilas edilərək xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti isə ağırdır.
***
saat 10:34

Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.
Bu gün binanın dağıntılarının altından ağır vəziyyətdə çıxarılan qadın yerləşdirildiyi xəstəxanada vəfat edib.
Xəstəxanaya yerləşdirilən digər şəxsin də vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar 3 nəfərin saxlanıldığını, daha 3 nəfərin isə axtarışlarının davam etdirildiyini açıqlayıb.
***
saat 09:03

Batumidə binanın uçması nəticəsində dağıntıların altında qalan daha bir azyaşlının meyiti çıxarılıb.
Bununla da hadisə nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.
Axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilir.
***
saat 06:58

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 4-ə çatıb.
Gecə boyunca davam edən axtarış-xilasetmə işləri nəticəsində dağıntıların altından daha üç nəfərin meyiti çıxarılıb.
Onlardan ikisinin kişi, birinin isə uşaq olduğu bildirilir. Binanın qalıqları altından yaralı çıxarılaraq xəstəxanaya yerləşdirilən daha bir nəfərin isə ağır vəziyyətdə olduğu deyilir.
Gürcüstan DİN axtarış-xilasetmə işlərinin 300 xilasedicinin iştirakı ilə intensiv qaydada davam etdirildiyini açıqlayıb.
Gürcüstan Prezidenti Salome Zurabişvli hadisə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xilasedicilərə təşəkkür edib.
***
Saat 23:48

Gürcüstanın Batumi şəhərində çökmüş yaşayış binasının dağıntıları altında qalmış bir nəfərin meyiti tapılıb.
Bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında məlumat verib. Meyiti tapılan şəxsin yaşlı qadın olduğu bildirilir.
Bildirib ki, hazırda dağıntıların altında ikisi və ya üçü azyaşlı olmaqla 10 nəfərin qaldığı ehtimal edilir. Nazir qonaqların da olması ehtimalına görə dağıntıların altında konkret neçə nəfərin qaldığını deməyin çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində yeddimərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Axtarış-xilasetmə işlərinə 300-dək xilasedicinin cəlb edildiyi bildirilir.