Amerikanın “Foreign policy” jurnalı sentyabrın 28-də dərc etdiyi bir yazıda İranın nüvə silahı istehsal etmək üçün Vyanadakı danışıqları uatmaqla vaxt qazanmağa çalışdığını bildirib.
Jurnal adlarının çəkilməsini istəməyən Amerika və beynəlxalq mənbələrə istinadən yazıb ki, İran ən azından nüvə silahı istehsal etməyə qadir olan bir ölkəyə çevrilmək üçün müxtəlif bəhanələrlə Vyanada yazrımçıq qalmış nüvə danışıqlarını təxirə salmaqla əslində özü üçün vaxt qazanmağa çalışır.
“Bayden hökuməti açıq-aşkar İranın nüvə razılaşmasına qayıdacağına ümidvar olduğunu bildirsələr də, Amerikanın yüksək vəzifəli rəsmiləri pərdə arxasında İranın danışıqlar prosesini uzatmaqla nüvə silahına yiyələnmək üçün vaxt qazanmağa çalışmasından nigaran olduqlarını gizlətmirlər”, -deyə “Foreign policy” jurnalı yazıb.
Jurnalın yazdığına görə, Amerikanın tələm-tələsik Əfqanıstandan çıxması, “Taliban”çıların isə sürətlə Kabili ələ keçirməsi, İranı regionda ekspansionist siyasət yeridərək nüvə silahına yiyələnməklə bağlı iradəsini daha da gücləndirib.
Həmçinin Amerikanın Orta Şərq üzrə köhnə və təcrübəli diplomatı Dennis Ross isə bununla bağlı mediaya açıqlamasında İranın Amerikadan artıq çəkinmədiyini və istədiyi kimi rəftar etdiyini bildirib.
“İranlılar açıq-aşkar artıq bizdən qorxmurlar. Bu isə o deməkdir ki, bizim həqiqətən də nə region məsələsində, nə də nüvə mövzusunda artıq qabaqlayıcı gücümüz yoxdur”, -deyə Amerikanın Orta Şərq üzrə təcrübəli diplomatı Dennis Ross bəyan edib.