• 20 Oktyabr 2021
logo
"Fitch": Avropada qazın qiymətləri qışın sonunadək volatil qala bilər

"Fitch": Avropada qazın qiymətləri qışın sonunadək volatil qala bilər

Avropa bazarında qaz fyuçerslərinin qiymətində volatillik qışın sonuna qədər müşahidə edilə bilər.
Bunu RİA "Novosti"yə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko deyib.
Onun sözlərinə görə, istilik mövsümü və qış yaxınlaşır, Avropadakı qaz anbarları hələ də lazımi qədər doldurulmayıb, LNG üçün Avropa və Asiya alıcıları arasında rəqabət davam edir, lakin "Qazprom" da daxil olmaqla əsas təchizatçılar tərəfindən təmin edilən təklif tələbatı tam ödəmək üçün kifayət deyil.
"Qaz alıcıları qışda ola biləcəyi fiziki yanacaq çatışmazlığından çəkinərək yüksək qiymət şəraitində də artıq qaz həcmlərini əldə etməyə çalışırlar. Bütün bunlar bazarda qışın sonuna qədər davam edə biləcək kəskin volatilliyə səbəb olur", - D. Marinchenko qeyd edib.
Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdi. 28 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 1 040 dollardan çox olub. Hərracların açıldığı vaxt bu göstərici 992 dollara yaxın idi.