• 29 Mart 2024
logo
"Taliban" dünya birliyindən 20 ay möhlət istəyib

"Taliban" dünya birliyindən 20 ay möhlət istəyib

Beynəlxalq birlik Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatını ölkənin idarəetməsinə görə mühakimə etməzdən öncə 20 ay möhlət verməlidir.
Xarici mətbuatın verdiyi məlumata görə, bunu şənbə Əfqanıstanın müvəqqəti hökumətində iqtisadiyyat naziri, "Taliban" tərəfindən təyin edilmiş Kari Din Məhəmməd Hənif deyib.
"Biz dünyadan əvvəlki rejim kimi bizə kömək etməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya birliyi əvvəlki hakimiyyətə 20 il ərzində kömək etdi, lakin hakimiyyət yenə də uğursuzluğa məruz qaldı. Qoy dünya bizə 20 ay möhlət versin, sonra bacarıb-bacarmamağımızı mühakimə etsin", - nazir bildirib.
Xatırladaq ki, ABŞ hökuməti bu ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxaracağını açıqladıqdan sonra "Taliban" ölkədə nəzarəti ələ keçirmək üçün genişmiqyaslı əməliyyata başladı.