• 3 Dekabr 2021
logo
“Taliban” hökumətini tanımayacaq ölkələri terror gözləyə bilər

“Taliban” hökumətini tanımayacaq ölkələri terror gözləyə bilər

Musavar Hamid Tanoli: “Mərkəzi Asiya ölkələri, İran, Pakistan və Çin “Taliban” hökuməti ilə əməkdaşlıq edərsə, heç bir təhlükə olmayacaq”

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Talıban” üçün ikiqat bayram, uğurdur. Belə ki, ABŞ qoşunları 20 il sonra Əfqanıstanı tərk edib. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Kabil küçələrində havaya atəş açmaqla qeyd olunub. “Taliban”ın hava limanında zəfərini qeyd etdiyi bildirilib.
“Taliban”ın rəsmi nümayəndəsi Zəbiullah Mücahid deyib ki, ABŞ məğlub oldu və Əfqanıstanda öz hədəflərinə çata bilmədi. Onun sözlərinə görə, Taliban bundan sonrakı dönəmdə ABŞ-la yaxşı münasibətləri bərpa etmək niyyətindədir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas isə bildirib ki, “Taliban”ın ABŞ tərəfindən tanınması barədə danışmaq hələ tezdir.
"Biz hələ Talibanı tanımağa hazır deyilik. Hələ bir hökumət qurmayıblar. Odur ki, hansı hökuməti quracaqlarını görməliyik. Bu hökumətin inklüziv olması və qadınların orda iştirakına icazə verilməsi üçün israr edirik", - Tomas vurğulayıb.
Ölkədə vəziyyət isə gərgin olaraq qalır. Yüz minlərlə əfqanıstanlı ölkəni tərk edir. Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Talibana qarşı dəstək istəyib. Vitse-prezident Almaniyanın "Şpiqel" qəzetinə məktubunda hər kəsi ölkədəki vəziyyətin hələ də həlli olduğuna və bunun üçün Pəncşirdəki Milli Müqaviməti tanımağa və dəstəkləməyə çağırıb.
Pəncşirdə talibançılarla Milli Müqavimət hərəkatı üzvləri arasında şiddətli döyüşlər gedir.
Əfqanıstan Müqavimət Cəbhəsinin komandirlərindən biri CNN-ə açıqlamasında deyib ki, Pəncşir vilayətində yüzlərlə “Taliban” döyüşçüsü öldürülüb.
“Pəncşiri ölkənin digər hissəsi ilə birləşdirən Havak aşırımında qızğın döyüşlər gedir. Bizim hələ də internetimiz yoxdur. “Taliban” yüzlərlə döyüşçüsünü itirib”, - komandir bildirib. Əfqanıstan Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzərinin sözlərinə görə, “Taliban” hücum etməklə tərəflər arasında əldə olunmuş “centlmen sazişi”ni pozub. Nəzəri taliblərin bir neçə hərbi texnikasının da vurulduğunu qeyd edib.
Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud isə deyib ki, əgər “Taliban” hakimiyyəti hər kəslə bölüşmək, ədaləti bərqərar etmək, Əfqanıstanda hər kəsə bərabərlik və azadlıq təmin etmək niyyətindədirsə, mən geri çəkilib siyasətdən gedəcəyəm.
deyib. “Bütün digər variantlar bizim üçün qəbuledilməzdir”, - deyə Məsud əlavə edib.
Bu arada “Taliban” hakimiyyətini tanımağa hazırlaşan ölkələr də var. Amma onlar hələ hadisələri kənardan izləmək məcburiyyətində qalıblar. Hərb yolu ilə hakimiyyəti ələ keçirən talibançıların siyasəti ilə razılaşmayan ölkələr də az deyil.
Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.
- “Taliban”ın Pakistan tərəfindən dəstəkləndiyinə dair bəzi iddialar var...
- Birləşmiş Ştatlar həmin qrupu Əfqanıstanda Sovet İttifaqını məğlub etmək üçün yaratdı. ABŞ onları bölgəyə olan marağını qazanmaq üçün yaratdı və Vaşinqtonda 11 sentyabr hadisələrindən sonra ABŞ “Taliban” əleyhinə əməliyyat başlatdı və Əfqanıstanı işğal etdi. 1990-cı illərin ortalarında yalnız üç ölkə “Taliban” hökumətini tanıdı - Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri idi. ABŞ Əfqanıstanı işğal edərək terrorla mübarizəyə başlayanda Pakistan ABŞ-ın bir hissəsi idi və hətta Pakistan daxilində hərbi əməliyyatlara başladı. İnsanlar həmişə Pakistanın “Taliban”ı dəstəklədiyini söyləyirlər, amma heç kim ABŞ-ın onu yaratdığı faktdan danışmır. Pakistan əvvəllər “Taliban” hökumətini tanıdı, lakin bu dəfə Pakistan hələ də “Taliban “rejimini tanımaq və ya tanımamaq qərarına gəlmədi. Pakistan Əfqanıstan münaqişəsi səbəbindən 80 mindən çox insan itkisinə məruz qalıb. Üstəlik, Pakistan da 150 milyard dollarlıq iqtisadi itki ilə üzləşdi.
- Əfqanıstan qərbdə Pakistanla həmsərhəddir. “Taliban”dan Pakistana hər hansı bir təhlükəni gözləmək olarmı?
- Əfqanıstanla 2200 km ətrafında uzun bir sərhədimiz var. Əfqanıstanla sərhədimiz hasarlanmadığına qədər əvvəllər terror təhlükəsi var idi. Terrorçu fəaliyyət təhlükəsi səbəbindən Pakistan sərhəd hasarlamağa başladı və indi Əfqanıstanla bütün sərhədimiz hasarlandığı üçün Əfqanıstan tərəfdən terror aktı ehtimalı çox azdır. Əfqanıstan tərəfi Əfqanıstan xalqı deyil, Əfqanıstanda iştirak edən digər aktyorlar, xüsusən də Pakistan düşmənləri deməkdir. “Taliban” sözçüsü Əfqanıstan torpaqlarının Pakistana qarşı istifadə edilməyəcəyini açıq şəkildə bildirdi. Bu baxımdan, onların torpaqlarından hər hansı bir terror fəaliyyətinin bizə qarşı təşkil olunmayacağını gözləyirik.
- Əfqanıstanda “Taliban” hakimiyyətə gəldi, amma vəziyyət daha da pisləşdi. Səbəblər nə ola bilər?
- “Taliban” keçmiş prezident Əşrəf Qaninin hökumətinin dəyişməsindən sonra hakimiyyətə gəldi. ABŞ Əfqanıstandan çəkilməyə başlayanda, “Taliban” şəhərləri bir-birinin ardınca ələ keçirməyə başladı və sonra Kabilə çatdı. Talibançılar hakimiyyəti ələ keçirdikdən sonra keçmiş prezident Əşrəf Qani ilə “Taliban” liderlərinə səlahiyyət vermək və Əfqanıstanı 72 saat ərzində tərk etmək barədə razılığa gəldi. Hazırda Panjsher vadisində cənab Əhməd Məsudun Əfqanıstana gələrək “Taliban”la mübarizə apardığı söylənilir. Əhməd Məsud, bəzi Əfqanıstan liderləri ilə birlikdə “Taliban” əleyhinə müqavimət göstərmək üçün oraya toplaşdılar, amma mənim fikrimcə, Əhməd Məsud və müttəfiqləri üçün bir bölgəni “Taliban”dan almaq çətindir. Hər tərəf “Taliban”ın nəzarətindədir.
- “Taliban”ın “Əl-Qaidə” ilə yaxın əlaqələri ilə bağlı deyilənlər nə dərəcədə doğrudur?
- “Taliban”ın “Əl-Qaidə” və ya başqa bir terror təşkilatı ilə yaxın əlaqələri haqqında heç bir məlumatım yoxdur, ancaq hələlik bəyanatlar “Taliban” sözçüsündən də gəlir. Onun sözlərinə görə, Əfqanıstan “Taliban”ının “Əl-Qaidə” və ya İŞİD kimi digər terror təşkilatının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bəlkə də “Taliban” nümayəndəsi bu mövzuda daha yaxşı cavab verib.
- Sizcə, “Taliban” hakimiyyəti nə qədər davam edəcək?
- Bu, “Taliban” hökumətinin digər ölkələr, xüsusilə də böyük dövlətlər tərəfindən tanınmasından asılıdır. Çin və Rusiyanın “Taliban” hökumətini tanıyacağını və onlarla ticarət əlaqələri başda olmaqla əlaqələr quracağını eşitmişik. Daha çox dövlət onları tanıyarsa, “Taliban” hökumətinin uzun illər davam edəcəyi ehtimalı var.
- Bu qrupda hansı ölkələr var?
- “Taliban” hökumətinin tanınmasına gəldikdə, hələ Rusiya və Çin haqqında eşitmişəm. Rusiya, Çin, Orta Asiya respublikaları və İran “Taliban” hökumətini tanıyarsa, Əfqanıstanla uzun bir sərhədimiz olduğu üçün Pakistanın da tezliklə onları tanıyacağı ehtimalı var. Əgər Pakistan gələcəkdə onu tanımasa, ölkəmizə yeni bir terror dalğası gələ bilər. Hər hansı bir ölkə “Taliban” hökumətini tanıyırsa, bu, xüsusilə Çin vəziyyətində iqtisadi maraqlardan və ticarət əməkdaşlığından qaynaqlanır. Çin hər zaman dünya ilə ticarətini genişləndirməyə diqqət yetirir.
- Kabildə törədilən terror aktları ilə bağlı “Taliban”a hansı mesajlar verilir?
- İlk növbədə, çoxlu insan tələfatı ilə nəticələnən Kabul hücumunu qınamaq istərdim. Qiymətli insan itkisi ilə əlaqədar başsağlığı verirəm və yaralılar üçün dua edirəm. Kabul hava limanına bir təhlükə var idi və bundan əvvəl “Taliban” tərəfindən deyil, terror təşkilatlarından biri tərəfindən həyata keçirilib. Beynəlxalq KİV və “Taliban” sözçüsünə görə, onlar Kabul hücumunda “Taliban”ın iştirak etmədiyini açıq şəkildə bildirdilər.
- Terror aktlarının İŞİD tərəfindən törədildiyi təsdiqləndi. Bu o deməkdir ki, bölgədə “Taliban”-İŞİD qarşıdurması güclənəcək.
- İŞİD ilə “Taliban” arasında qarşıdurma var, çünki “Taliban”la İŞİD arasında ideologiya fərqi var. Hər ikisi arasındakı ədavət Əfqanıstan, Pakistan, İran və digər Orta Asiya respublikalarında sülhü və sabitliyi pozacaq.
- Sizcə, ABŞ “Taliban”a dəstək verməklə Qani hökumətinə xəyanət etmiş olub?
- Birləşmiş Ştatlar keçmiş prezident Əşrəf Qaninin hökumətini Kabulun süqutuna qədər dəstəklədi. “Taliban” Kabulu nəzarətə götürdükdə və ABŞ qüvvələrini geri çəkməyə başladığında, ABŞ-ın Əşrəf Qani hökumətinə heç bir dəstək imkanı olmadığını bildirir. ABŞ Əfqanıstanda məqsədlərinə çatdı və yeni seçilmiş prezident Co Baydenin məqsədi Əfqanıstandan çəkilməkdir. Bu dəfə ABŞ-ın məqsədi, “Taliban” və ya Əfqanıstan hökumətinə xəyanət edib, etməsə də, öz maraqlarını qorumaqdır.
- “Taliban” Əfqanıstanını necə təsəvvür edirsiniz?
- Əfqanıstanda “Taliban” hökuməti Əfqanıstan xalqına hər hansı bir ölkə və ya xalqdan daha yaxşı və ya pis təsir edəcək. Əfqanıstanlıların bəziləri “Taliban” tərəfdarıdır, bəziləri isə “Taliban” əleyhinədir. Bu dəfə biz “Taliban” jurnalistlərin sərbəst işləməsinə, qadınların və qızların təhsil almalarına icazə verdiklərini gördük. Bunun nə qədər davam edəcəyini görək. Əfqanıstan vətəndaşlarına hüquq vermək və insan haqları və digər öhdəlikləri yerinə yetirmək “Taliban” hökumətindən asılıdır.
- “Taliban” hökuməti hansı ölkələr üçün təhlükəli ola bilər və niyə?
- “Taliban” hökuməti hər hansı bir ölkə üçün problem yaratmayana qədər heç bir ölkə üçün təhlükəli deyil. Əfqanıstan Mərkəzi Asiya, İran, Pakistan və Çinlə əhatə olunub. Bütün bu ölkələr “Taliban” hökuməti ilə əməkdaşlıq edərsə, heç bir təhlükə və ya qeyri-sabitlik olmayacaq, ancaq bu ölkələrdən hər hansı biri “Taliban” hökumətini tanımazsa bölgədə terror, xüsusən də bomba partlayışları və kamikadzelər artacaq. Sonda deyərdim ki, Əfqanıstan xalqına ən xoş arzularımı bildirir və həmişə sülh və sabit Əfqanıstan üçün dua edirəm. Kim hökuməti idarə etsə, o vacib deyil, bir şey vacibdir və bu, 40 ildən artıqdır ki, əziyyət çəkən Əfqanıstan xalqının azad və təhlükəsiz yaşamasıdır.
Cavid