• 21 Yanvar 2022
logo
Kabildə baş verən 6 partlayışda ölənlərin sayı 100 nəfəri keçib

Kabildə baş verən 6 partlayışda ölənlərin sayı 100 nəfəri keçib - FOTO - YENİLƏNİB-4 

ABŞ hərbçiləri də daxil olmaqla Kabil hava limanında baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib.
Bu barədə “Wall Street Journal” Əfqanıstan Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.
Bildirilib ki, ötən gün baş verən 6 partlayış nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 13 ABŞ hərbçisi vəfat edib.
***
01:12

Kabildə baş verən partlayışlar 90 nəfərin həyatına son qoyub.
Bu barədə RİA Novosti məlumat yayıb
***
22:40

Kabil hava limanında baş verən partlayışlar nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb.
Bu barədə BBC Əfqanıstanın yüksək vəzifəli səhiyyə işçisinə istinadən məlumat yayıb.
***
21:16

Kabil hava limanı yaxınlığında baş verən partlayışlar nəticəsində azı 40 nəfər ölüb, təxminən 120 nəfər yaralanıb.
Bu barədə "The New York Times" qəzetinin Əfqanıstandakı jurnalisti Fahim Abed “Twitter” səhifəsində məlumat yayıb.
O, yaralıların təxminən 60%-nin ağır vəziyyətdə olduğunu qeyd edib.
***
20:10

Kabil hava limanında baş vermiş partlayış nəticəsində yaralıların sayı 50-ni ötüb.
Bu barədə "Taliban" sözçüsü Zabiullah Mücahid bildirib.
Onun sözlərinə görə hava limanında 2 partlayış olub.
Qeyd edək ki, "Əl-Cəzirə" telekanalı yerli xəstəxanadakı mənbəyə istinadən məlumat yayıb ki, partlayışlar zamanı ən azı 70 nəfər xəsarət alıb.
***
18:38

Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
Bu barədə “Taliban” hərəkatının nümayəndəsi “Reuters” agentliyinə bildirib.
Onun sözlərinə görə, ölənlər arasında uşaqlar da var. O, xəsarət alanlar arasında bir neçə “Taliban” üzvünün olduğunu da deyib.
***
18.25

Kabil hava limanının girişində partlayış törədilib.
BBC-nin verdiyi xəbərə görə, partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində baş verib.
ABŞ rəsmisi “Reuters” xəbər agentliyinə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, lakin əminliklə danışmaq üçün hələ tez olduğunu deyib.
“Pajhwok” agentliyi 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.
Pentaqondan verilən məlumata görə isə 3 ABŞ hərbçisi xəsarət alıb.
Qeyd edək ki, partlayışdan sonra hadisə yerində silah səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb.
Əfqan jurnalist Əhməd Mengli isə CNN-Türkə bildirib ki, partlayış zamanı 11 nəfər ölüb, çox sayda yaralı var.
Digər yerli qaynaqlar da partlayış nəticəsində 11 nəfərin həlak olduğunu, həlak olanlar arasında əcnəbi hərbçilərin olduğunu xəbər verir.