• 20 Yanvar 2022
logo
Aİ-nin Ali Nümayəndəsi “Taliban”la danışıqların vacibliyini bildirib

Aİ-nin Ali Nümayəndəsi “Taliban”la danışıqların vacibliyini bildirib

“Avropa ölkələrinin Əfqanıstandan qaçqın axınına məruz qalacağı gündəmdə deyil”.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa parlamentinin Xarici işlər Komitəsinin Əfqanıstanla bağlı hibrid formada keçirilən iclasında çıxışı zamanı deyib.
“Bu gün Avropa ölkələrinin Əfqanıstandan qaçqın axınına məruz qalacağı gündəmdə deyil. Çünki Əfqanıstan Suriya kimi yaxında deyil. Hazırda minlərlə insan hava limanında gözləyir. Zamanla bu rəqəmlər arta da bilər.
İlk olaraq bu insanları miqrant adlandırmayaq, onlar xilas olmağa çalışan, sürgünə hazır insanlardır. Onlar illər ərzində bizimlə əməkdaşlıq edib, Qərbin dəyərlərinə inanıb, onu müdafiə edib. Bizim mənəvi borcumuzdur ki, bu insanları qoruyaq, onları mümkün olduqca təhlükəsiz şəraitlə təmin edək”, - deyə o bildirib.
C. Borrell qeyd edib ki, hazırda yalnız Aİ ilə əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşları deyil, həm də insan haqları uğrunda mübarizə aparan aktivistlərin, sənət adamlarının təxliyəsi aparılır.
Əfqanıstandan gələnlərin Aİ ölkələri arasında bölüşdürülməsi məsələsinə toxunan Ali Nümayəndə miqrantlara bütün ölkələr tərəfindən sahib çıxılacağına və əvvəllər yaşanan fikir ayrılıqlarının yenidən yaşanmayacağına ümidvar olduğunu vurğulayıb.
C. Borrell “Taliban”la kommunikasiya yaratmağın vacibliyinə də toxunub: “Bu vəziyyətin qarşısını almaq üçün onlarla danışmalıyıq. Lakin açıq şəkildə bildirməliyik ki, kommunikasiya kanalının yaradılması “Taliban”ın siyasi və beynəlxalq tanınmasını ehtiva etmir. Mən "Taliban"la danışıqlar barəsində deyəndə bəziləri "Yox, o, "Taliban"la danışmağı təklif edir, bu doğru deyil” - deyə etiraz etdilər, lakin bu danışıqlar "Taliban"ın tanınması demək deyil”.
Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, bu vəziyyətin nəticələri ilə, terror riski ilə daha yaxşı mübarizə aparması üçün Əfqanıstana qonşu ölkələr də dəstək verilməlidir: “Mərkəzi Asiya artıq bizim üçün daha strateji region olacaq. Aydındır ki, son baş verənlərin həm regional, həm də beynəlxalq səviyyədə təsirləri olacaq”.