ABŞ qoşunlarının Əfqanıstanı tərk etdiyi bir vaxtda, Vaşinqton Mərkəzi Asiya ölkələri - Özbəkistan və Tacikistanla bir sıra məsələlər barədə müzakirə aparıb. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken iyulun 1-də Özbəkistan və Tacikistanın xarici işlər nazirləri ilə görüş keçirib.
Blinken Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla birgə keçirdiyi mətbuat konfransında deyib: “Regionda, xüsusən də Əfqanıstanla bağlı təhlükəsizlik məsələsində bizim güclü ortaq maraqlarımız var”.
Ayrıca olaraq Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddinlə görüşü zamanı Blinkenin Əfqanıstanı müzakirə etdiyi və ABŞ-ın Tacikistanın təhlükəsizlik, stabillik və ərazi bütövlyünü dəstəklədiyini” bildirdiyi etdiyi deyilir.
“The New York Times” və “The Wall Street Journal” qəzetləri də daxil olmaqla media xəbər verirdi ki, ABŞ “Taliban” və “əl-Qaidə”ni nəzarətdən kənar qoymamaq üçün Özbəkistan və Taciksitanda müəyyən qüvvələr yerləşdirmək istəyir.
ABŞ-ın bu fikrə düşməsi və onu reallaşdırmaq istəyi Rusiyanı qıcıqlandıra bilərmi?
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Müasir Beynəlxalq Problemlər İnstitutunun Qlobal Tədqiqatlar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kazyulin “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Özbəkistan və ya Tacikistan ABŞ-a öz ərazilərində hərbi baza yaratmağa icazə verərsə, bu, Rusiya üçün ciddi bir qıcıqlandırıcı olacaqdır: “Rusiya bunun qarşısını almağa çalışacaq. Çünki Amerikanın bölgədəki varlığının hədəfinin Çin, Rusiya və İran qədər Əfqanıstan olmayacağını başa düşür. Əfqanıstan bunun üçün yaxşı bir örtük olacaq. Amerikanın var olduğu bir bölgədə sabitliyin ola biləcəyini demək çətindir. Tamamilə əksinə ola bilər. Ümid edirəm ki, həm Düşənbə, həm də Daşkənd bunu başa düşür”.
Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya hər şeyi edəcək ki, Əfqanıstandakı təhdidlərdən müttəfiqlərini qorusun.
O, bunun üçün Moskvanın Tacikistandakı hərbi bazasını istifadə etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət pisləşməyə doğru gedir.
Cavid