• 31 Yanvar 2023
logo
Aİ iqtisadi sanksiyalar ərəfəsində Belarus aviaşirkətini "qara siyahı"ya salacaq

Aİ iqtisadi sanksiyalar ərəfəsində Belarus aviaşirkətini "qara siyahı"ya salacaq

Avropa İttifaqı (Aİ) Belarusun milli aviadaşıyıcısı olan "Belavia" şirkətinə və aviasiya sənayesindəki təxminən 10 yüksək vəzifəli Belarus məmuruna qarşı sanksiyalar hazırlayır. Bu addım "Ryanair" aviaşirkətinin təyyarəsinin Minskdə məcburi endirilməsinə cavab olacaq iqtisadi sanksiyaların qəbulundan əvvəl atılacaq.

Bu barədə "Reuters"ə Aİ-dəki üç mənbə bildirib.
Məlumata görə, təklif olunan məhdudiyyətlər sırasında aktivlərin dondurulması və Aİ-yə səyahət qadağası yer alıb.

Aİ ölkələrinin hökumətləri Belarus iqtisadiyyatında mərkəzi rol oynayan sektorlara sanksiya tətbiq etmək niyyətində olduqlarını söyləyiblər. Sanksiyalar dövlət borcuna, neft sektoruna və kalium gübrələrinin istehsalına təsir göstərə bilər.

Aİ artıq iyunun 4-də ərazisi üzərindən uçuşların və Belarus aviaşirkətlərinin Aİ-nin hava limanlarına enməsinin qadağan edilməsi barədə rəsmi qərar verəcək.