• 27 Mart 2023
logo
Qırğızıstan və Tacikistan sərhəddəki əlavə hərbi qüvvələri geri çəkib

Qırğızıstan və Tacikistan sərhəddəki əlavə hərbi qüvvələri geri çəkib

Qırğızıstan və Tacikistan sərhədə cəlb olunan əlavə qoşun qüvvələrini qarşılıqlı olaraq geri çəkib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda o da bildirilib ki, hazırda sərhəddə vəziyyət sabitdir, ötən gecə hər hansı insident qeydə alınmayıb: “Qırğızıstan və Tacikistanın yüksək rütbəli zabitlərindən ibarət komissiya sərhəd bölgəsində fəaliyyətini davam etdirir. Əməkdaşlarımız bölgədə sərhəd nəzarətini gücləndirilmiş rejimdə həyata keçirir”.

Qeyd edək ki, aprelin 29-da hər iki tərəfdən sərhədyanı bölgə sakinlərinin münaqişəsi silahlı mübarizə səviyyəsinə çatıb. Hər iki ölkənin sərhədçiləri arasındakı atışma nəticəsində ümumilikdə 50 nəfərə yaxın insan ölüb, 200-dən çoxu isə yaralanıb.

Tərəflər atəşkəs barədə ilkin razılığa gəlsə də, növbəti gün silahlı mübarizə davam edib. Aprelin 30-u axşam saatlarında növbəti atəşkəs əldə olunub.