“Rusiya Çexiyada baş verənlərə, onlara qoşulan Bolqarıstana, habelə həmrəylik nümayiş etdirən Baltikyanı və digər ölkələrin hərəkətlərinə dözmək niyyətində deyil”.
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci kanalın efirində deyib.
“Biz buan dözməyəcəyik və artıq dözmürük. Biz bunu aydın nümayiş etdiririk”, - deyə D. Peskov bildirib.
Qeyd edək ki, aprelin ortalarında Çexiya tərəfi Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ildə Vrbetitsa şəhərindəki silah anbarında iki nəfərin həlak olması ilə nəticələnmiş partlayış törətməkdə ittiham edib. Bunun ardınca rəsmi Praqa Rusiyanın 18 diplomatını ölkədən çıxarıb. Rəsmi Moskva isə cavab tədbiri olaraq 20 çexiyalı diplomatı “persona non-qarata” elan edib. Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyi ittihamların saxta və əsassız olduğu barədə rəsmi məlumat yayıb.
Ardınca Bolqarıstan da analoji ittihamla çıxış edib. Bildirib ki, ölkədə yerləşən silah anbarları və hərbi təyinatlı istehsal müəssisələrində 2011, 2015 və 2020-ci illərdə baş verən partlayışların arxasında məhz Rusiya tərəfi dayanır. Buna cavab olaraq, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov adı çəkilən ölkənin Çexiya ilə məsuliyyətsiz açıqlamalar yarışına çıxdığı barədə bəyanat verib.