• 18 Aprel 2021
logo
FES-in bir neçə elektron xidmətində nasazlıqlar baş verib

FES-in bir neçə elektron xidmətində nasazlıqlar baş verib

Ölkədə mərkəzi bank rolu oynayan ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) elektron bank köçürmələri xidməti bir neçə saatlıq müddətə sıradan çıxıb.

APA xəbər verir ki, bu barədə Amerika maliyyə tənzimləyicisinin saytında məlumat yer alıb.

Təxminən üç saat ərzində Mərkəzi Bankın, demək olar ki, bütün elektron xidmətləri “əməliyyat xətası səbəbindən” işləməyib. Maliyyə tənzimləyicisi nasazlığın “ödəmələrin vaxtına təsir edəcəyini” açıqlayıb.

Bunların arasında elektron bank köçürmələri sistemi, habelə borc və kreditlərin ödənilməsi üçün depozitar və əlaqəli qurumları birləşdirən məlumat mübadiləsi mərkəzi də var. Nasazlıqlar banklar, müəssisələr və dövlət qurumları arasında vəsait və maliyyə aktivlərinin köçürülməsi sistemində fasilələrlə müşahidə olunub. Bundan başqa, əməkhaqqı, sosial təminat, vergi geri ödəmələri, korporativ ödənişlərlə işləyən sistemlərə də təsir edib.

“Federal Ehtiyatlar Bankının əməkdaşları hazırda bir çox xidmətin fəaliyyətində yaranmış nasazlıqla bağlı araşdırma aparır”, - deyə FES-in açıqlamasında bildirilir.

Hazırda xidmətlərin əksəriyyəti bərpa edilib. Ölkənin maliyyə infrastrukturuna nə qədər ziyan dəydiyi hələlik məlum deyil. Söhbət Mərkəzi Bank sistemlərinin gündəlik icra etdiyi on milyonlarla əməliyyatdan gedir.