• 26 Aprel 2024
logo
Afrikanın 7 ölkəsində 27 milyon insan aclıqla üz-üzədir

Afrikanın 7 ölkəsində 27 milyon insan aclıqla üz-üzədir

Hökumətlərarası İnkişaf Agentliyinin (IGAD) Afrika təşkilatı və Ərzaq Təhlükəsizliyi üzrə İnformasiya Şəbəkəsinin (FSIN) məlumatına görə, Afrikanın 7 ölkəsində 27 milyon insan aclıqla üz-üzədir.
AZƏRTAC IGAD-ın hesabatına istinadla xəbər verir ki, hazırda dünya əhalisinin 24 faizi ərzaq qıtlığı problemi ilə qarşılaşıb. Lakin Afrikanın yeddi ölkəsində - Cibuti, Efiopiya, Keniya, Somali, Sudan, Cənubi Sudan və Uqandada vəziyyət daha ağırdır. Bu ölkələrdə 27 milyon insan aclıq təhlükəsi ilə qarşılaşıb. Hesabat müəllifləri bildirirlər ki, Şərqi Afrikada acınacaqlı vəziyyətin yaranmasının səbəbləri iqlim dəyişikliyi nəticəsində quraqlığın artması, silahlı münaqişələr və iqtisadi tənəzzüldür.
Qeyd olunur ki, 2018-ci ildə Afrikanın kəskin ərzaq çatışmazlığından ən çox əziyyət çəkən ölkələri Efiopiya (8,1 milyon insan), Sudan (6,2 milyon) və Cənubi Sudan (6,1 milyon) olub. “Sudanda əhalinin 59 faizi, yaxud hər on nəfərdən altısı aclıqla üz-üzədir və onlara təcili ərzaq yardımı göstərilməlidir. Somalidə hər beş nəfərdən birindən çoxu (əhalinin 22 faizi) da kəskin qida çatışmazlığından əziyyət çəkir”, -deyə hesabatda bildirilir.
IGAD-ın icraçı katibi Mahbub Maalim bu ölkələrdə aclıq və epidemiyaların qarşısını almaq üçün beynəlxalq təşkilatlara və donorlara müraciət ünvanlayıb.