• 28 Mart 2024
logo
Hindistanda COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb

Hindistanda COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb

Ötən gün Hindistanda COVID-19 infeksiyasına 49 min 912 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 8 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 8 milyonu ötən ikinci ölkədir.

AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, Hindistanda ötən gün COVID-19 infeksiyası səbəbindən 509 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 120 min 563-ə çatıb.

Ötən gün Hindistanın Qadın və Uşaqların İnkişafı naziri Smitri İraninin də virusa yoluxduğu təsdiqlənib. Nazir bu barədə sosial şəbəkədə məlumat verib və son günlər onun yaxın təmasda olan şəxslərin koronavirus testindən keçməsini xahiş edib. Oktyabrın 27-də isə Hindistanın Sosial Ədalət və Hüquqların Qorunması naziri A.Ramdasın də COVID-19-a yoluxduğu aşkarlanmışdı. Dehlinin təhsil naziri Manish Sosdia növbəti qərar verilənədək paytaxtdakı bütün məktəblərin pandemiya səbəbindən bağlı qalacağını açıqlayıb.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Brazilayanın ardından 3-cü sıradadır.