• 20 Aprel 2024
logo
Moskvada koronavirusla bağlı məhdudiyyətlər bərpa oluna bilər

Moskvada koronavirusla bağlı məhdudiyyətlər bərpa oluna bilər

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı məhdudiyyətlər bərpa oluna bilər.

Bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

O, Moskvada koronavirusla bağlı vəziyyətin pisləşməsinə görə sentyabrın 28-dən etibarən yaşı 65-dən yuxarı olan şəxslərin və xroniki xəstəliyi olan vətəndaşların xüsusi ehtiyac olmadan evdən çıxmamalarını tövsiyə edib.

Bundan başqa, Moskva meriyası yaşı 65-dən yuxarı olan və çalışan şəxslərə məzuniyyət götürmələrini və ya distant işə keçmələrini məsləhət görüb.

Moskva meri şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbərlərinə paytaxtda koronavirusla bağlı vəziyyətin yenidən pisləşməsi ilə bağlı məktub göndərib. Məktubda əməkdaşların daha çox “məsafədən” işləməsi tövsiyə edilib, habelə sanitar-epidemioloji tədbirlərə ciddi riayətin təmin olunması xahiş olunub.

Qeyd edək ki, Rusiya paytaxtında son həftədə koronavirusa gündəlik yoluxma hallarında kəskin artım müşahidə olunur. Sentyabrın 24-ə olan məlumata görə, Moskvada gün ərzində COVID-19-a 1 000-dən çox yoluxma halı qeydə alınıb. Bu rəqəm isə gündəlik yoluxmanın 30 faiz artması deməkdir.